3 İyun 2017 14:41
1 160
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində qeyri-rəsmi yaşadığı qadının qardaşını öldürməkdə təqsirləndirilən Təhmasib Fərəcovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Faiq Qəniyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib.

O, Təhmasib Fərəcovun törətdiyi əməlin məhkəmə istintaqı dövründə tam sübuta yetirildiyini bildirib, onun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkmiş tərəf isə təqdirləndirilən şəxsə daha ağır cəza tələb edib.

Təhmasib Fərəcovun müdafiə çıxışı edən vəkil bildirib ki, ibtidai istintaq dövründə hüquqlarını müdafiə etdiyi şəxsin törətdiyi əmələ qiymət verərkən ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə cinayət işi açılması ədalətsizlik olub.

Vəkil Təhmasib Fərəcovun etiraf etməsini, əməlindən peşmanlıq çəkməsini məhkəmənin diqqətinə çatdırıb. O, hüquqlarının müdafiə etdiyi şəxsin əməlinin Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə (qəsdən adam öldürmə) tövsif edilməsini və həmin maddənin tərkibində göstərilən cəza müddətinin aşağı həddə təyin olunmasını istəyib.

Növbəti proses iyunun 22-də keçiriləcək.

İttihama görə, hadisə Naxçıvan şəhər sakini Təhmasib Fərəcovun Xətai rayonunda kirayə yaşadığı evdə baş verib.
O, qeyri rəsmi yaşadığı Mahirə Cəfərovanın qardaşı, Sabirabad rayon sakini Rövşən Cəfərov ilə mübahisə edib. Mübahisə zamanı Təhmasib Fərəcov əvvəllər məhkumluq həyatı yaşamış Rövşən Cəfərova bıçaqla xəsarət yetirib. Rövşən Cəfərov hadisə yerində ölüb.

Məlumata görə, Rövşən Cəfərov yeznəsi, Təhmasib Fərəcovun evinə qonaq gedib. Onlar yeyib-içdikdən sonra hətta tort kəsiblər.

Təhmasib Fərəcovla qayını Rövşən Cəfərov arasında “kombi” borcuna görə mübahisə düşüb. Rövşən ona borca görə iradlarını bildirib. Təhmasib Fərəcov tort kəsilən bıçaqla Rövşən Cəfərovu bıçaqlayıb. Bıçaqlanan Rövşən Cəfərov çölə qaçıb, ancaq huşunu itirərək yıxılıb. O, qanitirmədən dünyasını dəyişib.

Təhmasib Fərəcov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov