5 İyun 2017 14:28
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Zakir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu il fevralın 5-də Bakı şəhər sakini, 64 yaşlı Firudin Hüseynovun meyiti Nərimanov rayonundakı mənzilində tapılıb.

Məlum olub ki, o, həmin ünvanda tanışı Zakir Məmmədovla mübahisə edib.

Mübahisə zamanı Zakir Məmmədov Firudin Hüseynovun baş nahiyəsindən küt alətlə vurub. O, aldığı xəsarətdən ölüb. Keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri ilə qatil tutulub.

İstintaq zamanı Zakir Məmmədovun dələduzluq əməli törətdiyi, buna görə qətl hadisəsindən əvvəl dələduzluq etdiyi üçün axtarışda olduğu aydınlaşıb.

Zakir Məmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 178.3.2-ci ( külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə ittiham edilir.

Bildirilir ki, Zakir Məmmədov Strasburqda universitetlərdən birində təhsil alıb.

Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesə dövlət ittihamçısı Ramin Nağdəliyevin gəlməməsi səbəbilə hakim hazırlıq iclasının davamını iyunun 13-nə təyin edib.


Müəllif: Hacı Zeynalov