9 İyun 2017 17:18
1 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:37

Mingəçevir şəhərində dəhşətli qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Nazim Hüseynov həyat yoldaşı Aynurə Hüseynovanı öldürüb.

O, daha sonra azyaşlı övladları - oğlu Hüseyn Hüseynovu və qızı Mədinə Hüseynovanı da bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən polisə təslim olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb.

***

12:41

Mingəçevir şəhərində baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.

Report-un məlumatına görə, hadisə şəhərin Nəsimi küçəsi 31 ünvanında baş verib.

Belə ki, şəhər sakini, 1960-cı il təvəllüdlü Lazım Ağa oğlu Hüseynov həyat yoldaşı, 1980-cı il təvəllüdlü Aynurə Abbasovanı və iki azyaşlı övladını – 2010-cu il təvəllüdlü Hüseyn Hüseynovu və 2012-ci il təvəllüdlü Mədinə Hüseynovanı qətlə yetirib.

Qətlə yetirilən qadının qohumları “Report”un yerli bürosuna bildirib ki, hadisə qısqanclıq zəmində baş verib: “Lazım Hüseynov özündən 20 yaş kiçik olan A.Abbasovanı 18 yaşında olarkən qaçırıb və ailə qurub. Bu izdivacdan onların iki övladı olub. Əvvəllər mehriban idilər. Lakin sonradan Lazım Hüseynov narkotik vasitələr qəbul etdiyindən ailədə tez-tez münaqişələr olurdu. Sonra Lazım həbs edildi. Həbsdən çıxandan sonra bilmirik nə eşidib, nə deyiblər ona, gəldi bu hadisəni törətdi”.

Qətlə yetirilən ana və iki övladın meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinə yerləşdirilib. Məlum olub ki, L.Hüseynov arvadının və hər iki övladının başına küt və ağır alətlə vurduqdan sonra bıçaqla onların boğazını kəsib.

Hadisədən sonra L.Hüseynov könüllü olaraq polisə təslim olub.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

***

Mingəçevirdə arvadını və övladlarını öldürən şəxs kriminal aləmdə “Laska” ləqəbi ilə tanınır.

Report-un məlumatına görə, Lazım Ağa oğlu Hüseynov əvvəllər adam öldürmə və narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olduğu üçün iki dəfə həbs edilib. O, ümumilikdə 17 il məhkumluq həyatı yaşayıb.

L.Hüseynov arvadının və iki azyaşlı uşaqlarının başını kəsərək bədənindən ayırıb.

Hazırda dindirilən L.Hüseynov istintaqa ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyi bildirib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (İki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə cinayət işi başlanılıb.


Müəllif: Hacı Zeynalov