13 İyun 2017 14:35
1 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda gecə klubunda müştərini qətlə yetirməkdə təqsirli bilinən Vüsal İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə ittiham aktı elan edilib.

İttihama görə, qətl hadisəsi Nizami rayonu, “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən “Arbotaj” gecə klubunda baş verib.

1991-ci il təvəllüdlü Vüsal İbrahimov işlədiyi barda mübahisə etdiyi müştəri, 1989-cu il təvəllüdlü Tovuz rayon sakini Nurlan Atakişiyevi bıçaqlayıb. Yaralı xəstəxanada dünyasını dəyişib.

Məhkəmədə məlum olub ki, mərhum barda oğru aləminə aid mahnı sifariş vermək istəyib. Mübahisə də elə buna görə baş verib.

Cinayət işi üzrə şahid qismində ifadə verən Şəlalə Mirzəyeva bildirib ki, gecə klubunda xadiməçi işləyib, klubda baş verən davanın şahidi olmayıb: “Sonradan xəbər tutmuşam. Nə vuranı, nə də vurulanı görmüşəm. Mən xadiməçiyəm. Ancaq mətbəxdə oluram. Məni çağırdılar ki, qanı təmizləmək lazımdır. Mən də bilmədim, təmizlədim, sonra polislər gəldi. Qanı sildiyim yerləri polislərə göstərdim. Bilmirdim ki, oranı silmək olmaz. Dedilər sil, mən də sildim”.

Şahid bara əxlaqsız qadınların gətirilməsi barədə heç bir məlumatının olmadığınını deyib.

Digər şahid Ziyad Hüseynli gecə klubunun mühafizəçisi olduğunu deyib: “Mən fəhlə işləyirdim. Kluba mühafizəçi lazım olanda hərdən məni çağırırdılar. Həmin gün çöldə qapının ağzında dayanmışdım. Birdən Vüsal çölə çıxdı. Dedi, içəridə adam vurub. İnanmadım, içəri girib baxdım ki, bir nəfər yerdə uzanıb, hamı da başına yığışıb. Birinci müdirə zəng elədim. Sonra yaralı olan şəxsi maşına mindirib xəstəxanaya apardılar”.

Ziyad Hüseynli qətlə yetirilən şəxsin bara gələrkən içkili olduğunu deyib: “Amma qətli törədən içkili olmayıb. Iş zamanı içki içməyə müdriyyət icazə vermir. Vüsal mənə bir onu dedi ki, söyüş söydüyü üçün vurmuşam”.

Təqsirləndirilən şəxs isə mərhumu vurmasını özünümüdafiə ilə izah edib: “Əlində beşbarmaq var idi. Məni söydü, üstümə gəldi. Məndən güclü idi. Özümü müdafiə etmək üçün vurdum. Onu öldürmək istəməmişəm. Əlbəyəxa olanda vurdum. Ora da qaranlıq idi. Hadisədən peşmanam. Polisə də özüm təslim olmuşam”.

Mərhumun atası Azər Atakişiyev iddia edib ki, hadisə vaxtı oğlu tək döyülməyib: “Təqsirləndirilən şəxs oğlumu tək vurmayıb. Onun yanında kimsə olub. Amma boynuma almır. Oğlumu arxadan vurublar”.


Müəllif: Hacı Zeynalov