21 İyun 2017 17:14
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şeron” musiqi qrupunun keçmiş üzvü, “Şadan” qrupunun rəhbəri və solisti İntizar Məmmədov və Ramil Qasımovdan hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinən Vazeh Bağırov, Gündüz Xəlilov, İlqar Həsənov, Emin Bağırov və Ariz Məmmədovun cinayət işi üzrə növbəti prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrlik etdiyi prosesdə prokuror təqsirləndirlən şəxslərə cəza istəyib.

O, təqsirləndirilən şəxslərin hər birinin 14 il müddətinə azadlıqdan məhrum ediliməsini tələb edib.
Növbəti proses iyulun 6-da keçiriləcək.

İttihama görə, Vazeh Bağırov, Gündüz Xəlilov, İlqar Həsənov, Emin Bağırov, Ariz Məmmədov və Əfsun Quliyev külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etməklə ələ keçirmək məqsədi ilə əlbir olublar.

Onlar özlərini cinayətkar aləmin nüfuzlu nümayəndələri Lotu Qulinin qardaşı Lotu Namiqin adamları kimi təqdim ediblər.

Dəstə üzvləri hər yerdə cinayətkar aləmlə sıx əlaqədə olduqlarını deyib, gəzdirdikləri silahlarla hədə-qorxu gəliblər, 2016-cı ilin oktyabr ayından 2017-ci ilin yanvar ayının 6-dək olan müddətdə “Şeron” qrupunun sabiq üzvü, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədovla Ramin Qasımovun hər birindən 12 min manat və 4 min ABŞ dolları məbləğində pul tələb ediblər, həmçinin müğənnilərə vaxt veriblər.

Dəstə üzvləri qoyduqları vaxtın artırılması üçün Lotu Namiqdən icazə almaq adı ilə İntizar Məmmədovla Ramin Qasımovun hər birindən 500 dollar olmaqla ümumilikdə 1000 dolları alıblar. Onlar bir qədər sonra isə İntizar Məmmədova məxsus "Mercedes Benz S-klas" markalı avtomobilini əlindən alaraq, verəcəyi pulun 10 min manatı ilə əvəzləşdiriblər.

Bundan başqa, Əfsun Quliyev və digərləri 2016-cı il noyabr ayının 30-da saat 23:30 radələrində Nəsimi rayonu ərazisindəki kafelərin birində Ramin Qasımovdan 4 min dollar alıblar. Bu il yanvar ayının 6-da isə günorta saatlarında Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən "Ankara" şadlıq evinin yaxınlığındakı kafedə Ramin Qasımovdan qalan 12 min manat pulu istəyərkən Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.

İstintaq dövründə Binəqədi Rayon Prokurorluğunda Əfsun Quliyevin cinayət işinə xitam verilib. O, Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.

Əfsun Quliyev Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Nəsimi rayon İdarəsində mülki mühafizəçi vəzifəsində çalışıb.


Müəllif: Hacı Zeynalov