21 İyun 2017 17:38
1 229
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Zaur Əzimov ifadə verib.

Zaur Əzimov bildirib ki, Amil Yusifovlə siqaret məhsullarının satışı ilə məşğul olub. 2015-ci ilin təxminən yanvar-fevral aylarında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Binəqədi rayon idarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirilib: “Bizə məxsus 100 qutu siqaret saxlanıldı və Binəqədi rayon idarəsinin həyətinə aparıldı”.

Zərərçəkmişin sözlərinə görə, bundan sonra “Range Rover” markalı avtomaşını da əlindən alınaraq həmin idarəyə aparılıb: “Mən də idarəyə dəvət edilib sorğu-sual olundum”.

Zaur Əzimov qeyd edib ki, həbs edilməməsi üçün ondan külli miqdarda pul tələb olunub, MTN əməkdaşları tərəfindən telefonu qanunsuz dinlənilib.

Təqsirləndirilən Elçin Quliyev zərərçəkmişin ifadəsinə münasibət bildirib. O, Zaur Əzimovu siqaret qaçaqmalçılığında ittiham edib: “Bu şəxs kontrabanda ilə məşğul olurdu. Buna görə əməliyyat keçirildi, telefonları dinlənildi, barəsində tədbir görüldü”.

Zaur Əzimov isə öz növbəsində həbsdə olan generalı suçlayıb: “Əgər biz kontrabanda ilə məşğul olmuşuq, cinayət törətmişiksə, bizi niyə həbs etmirdiz? Nəyə görə pulumuzu alıb, bizi sərbəst buraxırdız? Məqsəd bizdən pul almaq idi”.

Zaur Əzimov ondan hədə-qorxu yolu ilə 120 min manat alındığını deyib.

Sonra Elite Travel MMC-nin təsisçisi və direktoru Xalıq Sadıxova edilən qanunsuzluqlarla bağlı dinləmə olub.

O, bildirib ki, MTN əməkdaşları tərəfindən 2010-cu ildə saxlanılıb: “Məni MTN-ə gətirdilər. Orada Ayaz Gərayzadə dindirdi və bildirdi ki, 100 min manat verməlisən. Məni saxta viza verməkdə ittiham etdilər. Sonra şirkətin lisenziyasının ləğv edilməsi ilə hədələdilər və hər ay aylıq verməyimi tələb etdilər”.

Zərərçəkmişin sözlərinə görə, ikinci dəfə MTN-ə 2013-cü ildə aparılıb. İkinci dəfə də hədə-qorxulara məruz qalıb: “Ayaz Gərayzadə, Nail Tağızadə və digərləri şirkətimizdən öz adlarına, ailə üzvlərinin adlarına tur paketlər götürürdülər. Elə hərəkət edirdilər ki, şirkət onlarındır”.

Daha sonra prosesdə bu epizod üzrə şahidlər ifadə verib. Həmin şahidlər “Elite Travel”in işçiləri olub. Onlar ifadələrində MTN tərəfindən Xalıq Sadıxova təzyiqlər edildiyini təsdiqləyiblər.

Növbəti məhkəmə iclası iyunun 23-də davam edəcək.

Hacı Zeynalov


Müəllif: Hacı Zeynalov