3 İyul 2017 13:40
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsində hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrlik etdiyi prosesdə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı, tarixçi Arif Yunusun məhkəməyə məcburi gətirilməsindən ötrü daxili işlər orqanlarına müraciət olunduğu məlum olub.

Yunuslar haqqında məcburi gətirilmə qərarı mayın 17-də çıxarılıb. Hakim bildirib ki, polisdən məhkəməyə bu məsələ ilə əlaqədar heç bir cavab gəlməyib.

Yunusların vəkili Elçin Sadıqov məhkəmədən məcburi gətirilmə qərarının surətini istəyib. Amma sənəd müdafiəçiyə verilməyib.

Yunuslarla bağlı polisdən cavab almaq məqsədilə məhkəmə iyulun 12-nə qədər təxirə salınıb.

Qeyd edək ki, Leyla Yunus Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə), 274 (dövlətə xəyanət) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin məhkəmədə onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi qərara alınıb.

Noyabrın 12-də Bakı Apelyasiya Məhkəməsində Arif Yunus barəsində həbs qətimkan tədbiri dəyişdirilib və ondan başqa yerə getməməklə bağlı iltizam alınıb. Dekabr ayının 9-da isə Leyla Yunus barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edlib, o, 5 il sınaq müddəti təyin olunmaqla məhkəmə zalından şərti azadlığa buraxılıb.

Bundan başqa, onun qızının evinə qoyulmuş həbs də götürülüb.

Həmin məhkəmə qərarından narazı qalan Leyla Yunus və Arif Yunus kassasiya şikayəti verib. Onlar barələrində bəraət hökmü çıxarılmasını istəyirlər.

Ali Məhkəmədə isə kassasiya şikayətimiz qismən təmin olunub, Bakı Apellyasiya Məhkəməsinin 09.12.2016-ci il tarixli apellyasiya şikayətinə yekun baxış iclasının qərarı ləğv edilib və iş yeni apelyasiya baxışına qaytarılıb.

Ötən ilin aprel ayında Leyla Yunus və Arif Yunus Azərbaycanı tərk edərək Hollandiyada gediblər. Onlar hazırda həmin ölkədə müalicə alırlar.


Müəllif: Hacı Zeynalov