3 İyul 2017 19:25
2 794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalan şəhərində azyaşlıya təcavüz edən şəxs məsuliyyətə cəlb edilib.

Teleqraf.com xəbər verir ki, saxlanılan Hökməli qəsəbə sakini, 1979-cu il təvəllüdlü İbrahim Buğumovdur.

Məlumata görə, İbrahim Buğumov Xırdalan şəhəri, Heydər Əliyev prospektində binalardan birinin həyətində 7 yaşlı uşağa qarşı seksual xarakterli hərəkət edib.

O, sakinlər tərəfindən yaxalanaraq polisə təhvil verilib. Barəsində 2 ay müddətinə həbs-qəti imkan tədbiri seçilib.

Qeyd edək ki, İbrahim Buğumov əvvəllər də eyni əmələ görə məhkum olunub. O, 15 may 2015-ci il tarixdə, saat 20:45-də sərxoş vəziyyətdə Binəqədi rayonu, Azadlıq prospekti 185 saylı ünvanda binanın liftində 2009-cu il təvəllüdlü Samirə Əliyevaya (ad və soyad şərti verilib – red.) qarşı seksual xarakterli hərəkətlər edib.

İbrahim Buğumov Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddəsi ilə ittiham edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2016-cı il tarixli hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan İbrahim Buğumov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, ədalətli hökm çıxarılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsinin 22 iyul 2016-cı il tarixli qərarı ilə İbrahim Buğumovun əməli Cinayət Məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər etmək) maddəsinə tövsüf edilib və onun cəzası 1 il 6 aya endirilib. Ona təyin edilmiş cəza həbsdə yatdığı günlə hesablanıb və məhkəmə zalından azadlığa buraxılıb.

Prokurorluğun protesti ilə Ali Məhkəmə apelyasiya instansiyasının bu qərarı ləğv edilib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul olunub.

İş materialları baxılması üçün yenidən Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb. Apelyasiya instansiyasında işə hakim Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb.

Hakim kollegiyası təcavüz faktı ilə bağlı ekspertiza təyin edib. Ekspertiza rəyi açıqlanana qədər proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Apelyasiya məhkəməsində qanuni cəza müddəti təyin edilməmiş İbrahim Buğumov eyni əməli təkrar törədib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər