4 İyul 2017 13:04
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda nişanlısını qətlə yetirməkdə ittiham olunan Nəcəf Məcidovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Nəcəf Məcidov çıxışında deyib ki, xəstəliyi var: "Hərdən anlaqsız oluram. Müalicə olunmağa ehtiyacım var. Bunu deməkdə məqsədim cinayətdən yayınmaq deyil".

O, həmçinin bildirib ki, işdə bir sıra qaranlıq məsələlər var. Hakim deyib ki, təqsirləndirilən şəxsin xəstəliyi ilə bağlı məsələ məhkəmə istintaqı zamanı araşdırılmalıdır.

Məhkəmədə həmçinin məlum olub ki, öldürülən İlahə Ağayevanın anası Türkiyədədir. Hakim bildirib ki, zərərçəkmişin hüquqi varisi qismində tanınan anası prosesdə iştirak etmir. Hakim qeyd edib ki, belə olan halda hazırlıq iclasının keçirilməsini başa çatdıra bilmirlər.

Məhkəmənin hazırlıq iclasının davamı iyulun 6-da keçiriləcək.

İttihama görə, bu ilin martın 4-də Bakının Binə qəsəbəsində nişanlısını qətlə yetirdikdən sonra qaçan 31 yaşlı Nəcəf Məcidov hadisədən bir həftə sonra yaxalanıb.

Hüquq-mühafizə orqanları 26 yaşlı nişanlısı İlahə Ağayevanı bıçaqlayaraq öldürən, onun bacısı Rəhiməyə də xəsarət yetirən Nəcəfi müxtəlif yerlərdə axtarsa da, onu elə Binə qəsəbəsində yaxalaya bilib.

Məlum olub ki, Nəcəf Məcidov qətli törədəndən sonra tutulmamaq üçün evə getməyib. O, telefonunu söndürüb. Bu müddətdə Binə qəsəbəsində yaşayış olmayan yarımçıq tikililərdə və dükanlarda qalıb.

Nəcəf Məcidov daxil olmuş əməliyyat məlumatı əsasında yeri müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, Nəcəf Məcidov əvvəllər də məhkumluq həyatı yaşayıb.

Məlum qətlə gəlincə, Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü İlahə Ağayeva nişanlısı Nəcəf Məcidova üzüyü geri qaytaracağı barədə xəbər göndərib. Səbəb oğlanın tüfeyli həyat keçirməsi olub.

Bundan sonra Nəcəf Məcidov tələb edib ki, nişanlısı onunla görüşsün. Qız bunu qəbul etmədikdə, Nəcəf gecə saatlarında onun evinə gedərək boğaz nahiyəsinə bıçaqla bir neçə zərbə vurub. Hadisənin qarşısını almaq istəyən İlahə Ağayevanın bacısı, 1997-ci il təvəllüdlü Rəhimə Ağayeva isə bədən nahiyəsindən iki bıçaq zərbəsi alıb. Nəticədə İ.Ağayeva hadisə yerində ölüb. Rəhimə Ağayeva isə xəstəxanaya yerləşdirilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər