5 İyul 2017 11:06
1 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazir qardaşına qarşı dələduzluq etməkdə təqsirli bilinən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş şəxs qismində Əlikram Camalov dindirilib.

O qeyd edib ki, Samir Nəbiyev iki ilə yaxındır tanıyır. Təqsirləndirilən şəxs bilərəkdən onun etibarını qazanaraq ona qarşı dələduzluq edib.

Zərərçəkmişin sözlərinə görə, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olub. "2015-ci ildə Samir Nəbiyevin elektrik mağazasından alış-veriş edirdim. O, məni digər müştərilərdən ayırdığını, qiymətlərdə endirim etdiyini deyirdi. Bununla da mənim etibarımı qazandı. Bir gün ofisə gələrək, biznesini inkişaf etdirmək istədiyini, heç bir şəriklə işləmədiyini, banklara borcunun olmadığını söylədi. Yaxşı müştərilər yığdığını, yeni mallar almaq üçün pula ehtiyacı yarandığını bildirdi.

Dedi, 18 min manat lazımdı. Bu pulla hər ay 4 min manat qazanacağını, 2 min manatını da mənə verəcəyini söylədi. Mən onunla razılaşmadım. Dedim, pulumu qaytararsan. Birinci ay dedi ki, işlər yaxşı deyil, 3 min manat qazanıb. Buna görə də mənə 1500 manat verdi.

Sonrakı ay da işlərin yaxşı getmədiyini bəhanə elədi. Mənə 1250 manat verdi".

Zərərçəkmiş qeyd edib ki, pul sonradan dollarla hesablanıb, oğlu ilə Samir Nəbiyev arasında müqavilə bağlanıb: "Daha sonra pulu qaytaramqdan tamam imtina elədi. Zənglərimə cavab vermədi. Onun mağazasına gedəndə 40-50 min manatlıq mal gördüm.

Söz verdi ki, malları satıb pulumu qaytarcaq. Ancaq 20 gün keçsə də yenə zənglərə cavab vermədi. Oğlumla mağzasına gedəndə gördük ki, mağaza bağlanıb, mallar satılıb. Başa düşdüm ki, məni aldadıb. Mənim pulumla aldığı malları sataraq qazanc əldə edib, digər borclarını bağlayıb”.

Əlkriram Camalov bildirib ki, Samirə pul verərkən kömək məqsədi güdüb: "Hazırda Samirin mənə 18 min dollar borc qalıb. Pulu məndən dollarla alıb, dollarla da qaytarmalıdır. Mən Samirə yaxşılıq etmişəm. Gördüm məni aldadır, polisə verdim ki, pulu qaytarsın. İndi iş məhkəmədədir, tələb edirəm ki, pulu qaytarsın. Ziyanın yarısını ödəsə, mən ondan şikayətçi olmaram. 10 min də gətirib qaytarsın, bağışlayım".

Təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifovun suallarını cavablandıran zərərçəkmiş şəxs bildirib ki, verdiyi pulu vaxtında qaytarsaydı, heç polisə şikayət etməzdi: "Borc alıb, qaytarmalıdır".

Təqsirləndirilən şəxs Samir Nəbiyev bildirib ki, zərərçəkmiş şəxslə mağazada tanış olub: "Alver edirdi. Münasibətimiz yarandı. Bu kişi insanlıq edib, mənə borc verdi. Biznesimin inkişafı üçün... Sağ olsun təmannasız oldu. Verdiyi puldan 5000 min bir, 1500 dollar bir qaytarmışam".

İttihama görə, Samir Nəbiyev iş adamı Əlikram Camalova birgə biznes qurmağı təklif edib. O, Əlikram Camalovdan icarəyə götürüb işlətdiyi “Brend Elektrik” mağazasına yatırım etmək istəyib.

Əvəzində qazancın yarısını ona verməyi vəd edib. Əlikram Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə Samir Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib. Samir Nəbiyev vəsaiti mənimsəyərək Əlikram Camalova pulu qaytarmayıb.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Əlikram Camalov kəndli fermer təsərrüfatının təsisçisi və müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.


Müəllif: Hacı Zeynalov