Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, mərasimdə İranın mədəniyyət naziri Salehi Əmiri, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahim Türkəman, Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.
Görkəmli şair Məhəmmədhüseyn Şəhriyarın şeiri ilə başlanan tədbirdə Əbülfəs Qarayev çıxış edərək bildirib ki, belə tədbirlərin keçirilməsi ölkələrimiz və xalqlarımızın bir-birinə bəslədikləri mehriban qonşuluq və dostluq münasibətlərinin dərin köklərə malik olmasının sübutudur.
Azərbaycan və İran dünya əhəmiyyətli layihələrdə bölgə üzrə aparıcı dövlətlərə çevriliblər. İki ölkə arasında iqtisadiyyat, energetika, nəqliyyat, rabitə, tibb, mədəniyyət və digər sahələr üzrə əməkdaşlıq əlaqələri inkişaf edir. Qarşılıqlı əməkdaşlıq İrandan Azərbaycana gələn turistlərin sayına da müsbət təsir göstərib.
Rəsmi çıxışlardan sonra mərasim konsert proqramı ilə davam edib.
İranda Azərbaycan Mədəniyyəti Günləri 2010-cu ildə, Azərbaycanda isə İran Mədəniyyət Günləri 2011-ci ildə keçirilib. Əvvəlki illərdən fərqli olaraq bu dəfə Azərbaycan Mədəniyyət Günləri təkcə paytaxt Tehranda deyil, İsfahan şəhərində də keçiriləcək.
Tehranda kino həftəsi, fotosərgi və teatr tamaşası nümayiş etdiriləcək, turizm sənayesi nümayəndələrinin görüşü təşkil olunacaq.