6 İyul 2017 15:18
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda həbsdə olan blogger Aleksandr Lapşinin barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesə Aleksandr Lapşinin anası gəlməyib və vəkil vasitəsi ilə ifadə verməyəcəyini bildirib.

Daha sonra Şuşa şəhərindən olan məcburi köçkünlər ifadə verib.

Şuşalı məcburi köçkün Əsmər Xəlilova Lapşini bu hadisələrdən sonra tanıdığını deyib: "Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində məcburi köçkün düşmüşəm. Ermənilər Şuşa şəhərində olan ata-baba mülkümü dağıdıb, doğma şəhərimdən məhrum olmuşam. Həmçinin doğum günümü də itirmişəm. 25 ildir ad günümü qeyd etmirəm. Zəfər çalınacağına, doğma torpaqlarımıza qayıdacağımıza inanırdım.

Amma internet resurslarından Lapşinin məqaləsini oxuyanda ümidlərim puç oldu. Azərbaycan xalıq humanist xalqdır. Lapşin bundan sui-istifafə edib. Məcburi köçkünlərin bu şəxsə etirazı var.

İki gün əvvəl Azərbaycan xalqı Füzuli rayonunda daha bir faciə yaşadı. İki yaşlı Zəhranın günahı nə idi? Ermənilə onu qətlə yetirib. Lapşin isə quldur erməniləri müdafiə edib. Ona ən layiqli cəzanın verilməsini isrəyirəm".

Şuşadan olan digər məcburi köçkün Məmməd Hacıyev deyib ki, Lapşinin məqaləsini oxuduqdan sonra ona mənfi münasibəti yaranıb: "O, ermənilərə satılmaqla haqq-ədalət hissini də itirib".

Daha sonra prosesdə sənədlərin tədqiqi mərhələsi başlayıb. İşdə olan sənədlər tədqiq edildikdən sonra Aleksandr Lapşinin vəkili vəsatətlə çıxış edib. O, ekspert Almaz Bayramovanın məhkəmədə əlavə şahid qismində dindirilməsini istəyib.

Məhkəmə vəsatəti təmin edib. Proses iyulun 11-də davam edəcək.

İttihama görə, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Alenksandr Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” və “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub.

O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus http//puerrtto.livejournal.com səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar Alenksandr Lapşinin adını “arzuolunmaz şəxslər” siyahısına daxil edib.

Azərbaycan Baş Prokurorluğunun məlumatında bildirilib ki, bir qrup şəxslə cinayət əlaqəsinə girərək, Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər və dövlət əleyhinə yönələn açıq çağırışlar etdiyi, dövlət sərhədini qanunsuz keçdiyinə görə Belarusda həbs edilən Alenksandr Lapşinin ölkəmizə ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər görülüb.

Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub.

Aleksandr Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib.

Belarus Baş Prokurorluğu bu il yanvarın 17-də Alenksandr Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar verib.


Müəllif: Hacı Zeynalov