6 İyul 2017 17:20
1 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Sumqayıt Dövlət Universitetinin tələbəsi Cavid Quliyev ifadə verib.

O, təqdirləndirilən şəxsi sürücü kimi bir müddət əvvəl tanıdığını, qəzada xəsarətl alanlardan və dünyasını dəyişənlərdən isə bəziləri ilə tanış olduğunu deyib.

Cavid Quliyev qəza zamanı xəsarət almayıb.

Qəza zamanı yol kənarında saxlanan "ZİL" markalı maşının sürücüsü Elvin Şəmistanlı da şahid qismində ifadə verib. Tələbələri aparan avtomobil məhz həmin "ZİL"lə toqquşmadan yayınan zaman qəza törədib.

Elvin Şəmistanlı deyib ki, maşın xarab olduğu üçün yolda saxlayaraq ustaya zəng edib: "Ustanın gəlmək imkanı olmadı. Yol polisi əməkdaşları gəldi. Maşının arxasına iki daş qoydum. Polislər lent çəkdi, mən də çıxıb getdim".

Hakimin suallarına cavabda Elvin Şəmistanlı maşını qəzadan bir gün əvvəl həmin yolda saxladığını deyib və yol hərəkəti qaydalarını yaxşı bilmədiyini etiraf edib: "Gecə saat 11 radələrində maşın xarab oldu. 1992-ci ilin maşınıdır. Səhər tezdən usta götürüb gəlirdim. Saat 8-də biz yola çıxdıq. Amma yolda bildik ki, belə bir hadisə olub, "Ford" yerə qoyduğumuz daşa dəyib. Bunu qoyduğum daşın aşmasından bildim".

Hakim maşının texniki baxışdan necə keçdiyini, nasaz olub-olmadığını soruşub. Elvin Şəmistanlının sözlərinə görə, sonuncu dəfə maşın 2015-ci ildə texniki baxışdan keçib: "Sığortası bir gün idi bitmişdi. Artıq maşını satmışam".

Elvin Şəmistanlı belə bir qəzanın baş verməsinə görə təəssüf hissi keçirdiyini deyib: "Həmin gecə usta tapa bilmədim. Yoxsa gələcəkdim. Lenti çəkib getdim. Səhər qardaşım zəng vurub qəza baş verdiyini dedi.
Sonradan dayanma-durma qaydasını pozduğum üçün cərimələndim".

Hakim Novruz Kərimov bildirib ki, məhkəmə dövründə sorğu verilərək yol hərəkəti qaydalarının pozulub-pozulmadığı araşdırılacaq və sürcünün əməlinə hüquqi qiymət veriləcək.

Mərhum tələbələrin valideynləri sürücüdən "ZİL"in xarab olduğu halda evakuator çağırmamasının səbəbini soruşub, onun da məsuliyyətə cəlb edilməsini istəyiblər. Hakim məhkəmə istintaqı gedişində buna hüquqi qiymət veriləcəyini söyləyib.

Elvin Şəmistanlı onu da deyib ki, yük maşını onun olmayıb və etibarnamə ilə sürüb. Təqdirləndirilən Namiq Hüseynov isə qəzadan əvvəl yola daş qoyulmasına, lent çəkilməsinə şübhə etdiyini söyləyib: "Xahiş edirəm ki, video-görüntülərə baxıslın. Deyir, "ZİL"dən 50 metr aralı "kubik" qoymuşdum. Amma məsafə 10 metr olmazdı. Lent də yox idi. Həmin lent sonradan da çəkilə bilər".

Qəza zamanı yüngül xəsarət alan Təranə Kərimova təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını deyib: "Qəzadan sonra məni Namiq çıxardı. Mən də Rozanın əlindən tutdum. Taksi ilə xəstəxanaya getdim. Namiq mənə uşaqların bir neçəsinin telefonunu verdi".

Məhkəmədə o da məlum olub ki, qəza zamanı bəzi zərərçəkmişlərin telefonu itib. Nami Hüseynov deyib ki, qəzada tələbələrdən Rəşad və Çinarənin telefonu itib.

İttihama görə, bu ilin martın 9-da Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi “Ford” markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış Elvin Şəmistanlıya məxsus “ZİL” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Nəticədə mikroavtobusda olan sərnişinlərdən 5 nəfər ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına, 3 nəfər isə Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Ölənlər Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Rəşad Canıyev, Roza Muradova, Lalə Nəsirzadə və Çinarə Quliyevadır.

Hadisədən sonra aparılan araşdırmalar nəticəsində mikroavtobusun sürücüsü Namiq Hüseynov həbs edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər