11 İyul 2017 15:58
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə 6 tələbənin öldüyü “Ford” markalı avtomobilinin sahibi Vüqar Bayramov zərərçəkmiş şəxs qismində ifadə verib.

Məlumat üçün bildirək ki, qəzanı törədən sürücü “Ford”u icarəyə götürüb.

Vüqar Bayramov sürücü Namiq Hüseynovu çoxdan tanıdığını deyib: “Namiq maşını məndən icarəyə istədi. Mən də dedim nasazdır, düzəldə bilərsənsə, götür. Maşını 1 ay olardı Sumqayıtdan almışdım. Baş etibarnamə ilə maşın məndə idi. Hələ adıma da keçirməmişdim”.

O, maşının texniki baxışdan keçirilib-keçirilməməsi ilə bağlı suala dəqiq cavab verə bilməyib.

Vüqar Bayramov maşını aylıq 700 manata Namiq Hüseynova icarəyə verdiyini deyib: “Namiq aylıq pulu verəcəyini bildirdi. Maşını bir yerdə ustaya apardıq. Mənim tanıdığım usta yox idi. O, dediyi adamın yanına apardıq, maşın hazır olanda ona verdim. Hadisədən təxminən 10 gün əvvəl maşını ona təhvil vermişdim. Sənədləri də ona təqdim elədim ki, mən aldığım adamdan öz adına etibarnamə götürsün. Sonradan bildim ki, heç etibarnamə almayıb”.

Hakim Vüqar Bayramovdan rəsmi etibarnaməsiz Namiq Hüseynova maşın verməsinin səbəbini soruşub. Vüqar Bayramov isə sənədləri Namiq Hüseynova verdiyini bildirib: “Etibarnaməni maşının birinci sahibindən alacaqdı. Ona görə verdim. Amma öyrəndim ki, etibarnamə almadan maşını idarə edib”.

Vüqar Bayramov deyib ki, Namiq Hüseynovun sərnişin daşımaq üçün xəttə çıxmasından xəbəri olmayıb.

Məhkəmədə bildirilib ki, qəza zamanı “Ford”a 5 min 900 manat zərər dəyib. Vüqar Bayramov xərcin sığorta şirkəti tərəfindən qarşılanacağı halda mülki iddiasının olmadığını deyib.

İttihama görə, bu il martın 9-da Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi “Ford” markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış Elvin Şəmistanlıya məxsus “ZİL” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Nəticədə mikroavtobusda olan sərnişinlərdən 5 nəfər ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına, 3 nəfər isə Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Ölənlər Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Rəşad Canıyev, Roza Muradova, Lalə Nəsirzadə və Çinarə Quliyevadır.

Hadisədən sonra aparılan araşdırmalar nəticəsində mikroavtobusun sürücüsü Namiq Hüseynov həbs edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov