Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Namazəli Məmmədovun vəkili çıxış edərək müdafiə etdiyi şəxs barəsində ədalətli qərar çıxarılmasını istəyib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Vüqar Babayev çıxış edərək məhkəmədən vaxt istəyib.
O bildirib ki, hazırda təqsirləndirilən şəxslərin ailə üzvləri və yaxınları tərəfindən dəymiş zərərin ödənilməsi istiqamətində addımlar atılır.
Hakim Əfqan Hacıyev isə deyib ki, hazırda vəkillər müdafiə çıxışı edir: "Əksər vəkillər çıxışını edib. Bir neçə vəkil qalır. Bu mərhələni yekunlaşdıraq. Sonra bu məsələyə baxa bilərik".
Təqsirləndirilən Cəlil Cəfərovun vəkili müdafiə çıxışında bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittihamlar əsassızdır: "Müdafiə etdiyim şəxs 1 il 9 aydır əsassız olaraq həbsdə saxlanılır. Etmədiyi əmələ görə, Cəlil Cəfərovun qardaşı dövlətə vurulduğu deyilən məbləği ödəyib. Məhkəmədən ədalətli qərar gözləyirik".
Nazirliyin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun vəkili Bəylər Məmişov isə çıxışında deyib ki, əlavə olar göstərilmiş dəymiş zərərdən 2 milyondan artıq ödəniş ediblər. Vəkil ödənişlə bağlı qəbzi məhkəməyə təqdim edib.
Bəylər Məmişov məhkəmədən əlavə vaxt istəyib ki, dəymiş zərərin ödənilməsini həyata keçirsinlər.
Prosesdə təqdirləndirilən şəxslərdən "Azərpoçt"un sabiq rəhbəri Qəmbər Bəybalayev çıxış üçün söz istəyib. O məhkəmənin yekunlaşmasını istəyib: "Mənim deyilən dəymiş zərəri ödəmək imkanım yoxdur. Bu ittihamla, əlbəttə, razı deyilən. Korrupsiya idarəsində yazılan rəqəmlərin bizə aidiyyatı yoxdur. Kişi kimi işləmişəm, indi də kişi kimi deyirəm ki, burada heç kimin günahı yoxdur. Mən məhkəmədən xahiş edirəm ki, mənə görə prosesi uzatmasınlar.
Vidadi Zeynalov və digər təqsirləndirilən şəxslərin hamısı icraçı olub. Onlatın heç biri təqdirli deyil. Bunu hamı bilir. İnsaf da yaxşı şeydir. Mən məhkəmənin ədalətli olacağına inanmaq istəyirəm. Amma gərək ən azından bəzi şəxslər ev dustaqlıöına burazılardı. Çünki bu insanların heç bir günahı yoxdur".
Növbəti iclası iyulun 19-na təyin edilib.
Qeyd edək ki, dövlət ittihamçısı Vidadi Zeynalovun 14 il, Beytulla Hüseynovun 15 il, Anar Mustafayevin 8 il, Qəmbər Bəybalayevin 10 il, Emin Məmmədovla Namazalı Məmmədovun hər birinə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.
Digər təqsirləndirilən Məhəmməd Məmmədov, Cəfər Cəfərov, Səhrab Hümbətov, Bayram Vəliyev və Oqtay Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq olunmasını, onlara şərti cəza verilməsini tələb edib.
Prokuror bildirib ki, təqsirləndirilən şəxslərə məxsus üzərinə həbs qoyulmuş əmlakların dövlətə dəymiş ziyan ödənilməsinə yönəldilməsi təmin edilsin.