Teleqraf.com xəbər verir ki, hakim Aytən Əliyevanın sədrliyi ilə baş tutan prosesdə Faiq Əmirlinin vəkili Fəxrəddin Mehdiyev vəsatətlə çıxış edib. Vəkil Faiq Əmirlinin maşınına baxışda iştirak etmiş hal şahidləri – Samirə Məmmədova və Təzəxan Mirələmlinin məhkəmədə dindirilməsi haqda vəsatət verib. Cinayət işinin materiallarında göstərilir ki, həmin baxış nəticəsində avtomobildən Fəthullah Gülənin təbliğinə dair kitablar, disklər tapılıb. Fəxrəddin Mehdiyevin dediyinə görə, istintaq zamanı hal şahidləri dindirilməyib. Vəsatət təmin olunmayıb.
Faiq Əmirlinin məhkəməsi iyulun 19-da davam edəcək.
Ötən il avqustun 20-də saxlanılan Faiq Əmirli Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər) və 168.1-ci (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddələri ilə ittiham edilir.
Onun avtomobilindən FETÖ rəhbəri Fətullah Gülənə aid kitablar tapılıb.