Teleqraf.com xəbər verir ki, Səbuhi Həmidov 2017-ci ilin mart ayında qohumu və qonşusu olan Habil Sultanovun dəvəti ilə onun evinə gəlib. Onlar birlikdə spirtli içki qəbul ediblər.
Daha sonra Səbuhi Həmidov evdən qızıl və pul oğurlamaq istəyib. Bu məqsədlə o, qohumu Habil Sultanovun həyat yoldaşı Sahibə Mirzəyevanın yataq otağına girərək oradan qızılları götürmək istəyib.
Səsə ayılan Sahibə Mirzəyeva evindəki qonaq tərəfindən zorakılığa məruz qalıb. Səbuhi Həmidov evin sahibəsinin ağızını əli tutuaraq onu qışqırmağa qoymayıb. O, qadından səs salmamasını tələb edib. Əks halda onu və uşaqlarını öldürəcəyini deyib. Səs-küyə Habil Sultanov da oyanıb və Səbuhi Həmidov məqsədinə çatmadan evdən qaçıb.
İstintaq orqanı Səbuhi Həmidovu Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın) maddəsi ilə ittiham edib.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son sözlə çıxış edib.
Səbuhi Həmidov əməlindən peşman olduğunu, içkili halda belə bur əməl törətdiyinu deyib. O, quldurluq etmək məqsədinin olmadığını deyib: “İçkili idim, qızılları götürmək istədim. Ev sahibi oyananda özümü itirdim. Məhkəmədən ədalətli qərar verəcəyini, məni bağışlayacağını gözləyirəm”.
Müşavirdən sonra hakimlər hökm elan edib. Səbuhi Həmidovun ittiham olunduğu Cinayət Məcəlləsinin 181.1-ci maddəsi həmin məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsinə tövsif edilib.
Səbuhi Həmidovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, 1 il 6 ay müddətinə şərti cəza alıb.
Məhkəmə Səbuhi Həmidovun barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. O, məhkəmə zalından azadlığa buraxılıb.