Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, bu ilin martın 12-də Xətai rayonun Əbilov küçəsi ev 18/12 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Emil Sadıqov mübahisə zəminində atası, 1962-ci il təvəllüdlü Sadiq Sadıqovu bıçaqlayaraq öldürüb.
Bu zaman Emil Sadıqov ona mane olmaq istəyən anası, 1967-ci il təvəllüdlü Yasəmən Sadıqovaya da bıçaq xəsarətləri yetirib. Yasəmən Sadıqova xəstəxanada tibbi yardım alıb.
İstintaq müəyyən edib ki, Emil Sadıqov bu hadisədən 6 ay əvvəl həbsdən çıxıb. Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham edilən gənc bir neçə ay əvvəl həbsxanadan çıxıb və köhnə vərdişindən əl çəkməyərək yenidən mərc oyunlarına pul qoymağa başlayıb.
Nəticədə çıxılmaz vəziyyətə düşən Emil Sadıqov atasından evi satmasını istəyib. Sadiq Sadıqov buna etiraz etdikdə evdə münaqişə yaranıb və oğul atasının döş qəfəsinə çoxsaylı bıçaq zərbələri endirərək onu öldürüb.
Emil Sadıqov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham edilir.
İttihama münasibət bildirən Emil Sadıqov özünü təqsirli bilib. O, bildirib ki, bundan əvvəl oğurluq üstündə məhkum olunub və cəzanı başa vurub: “Mən atamı öldürmüşəm, özümü günahkar sayıram. Atamın da çox günahı olub. Nə uşaqlığımı bilmişəm, nə də gəncliyimi. Atam bizi daim incidib, heç nədən evdə dava-dalaş salıb. Ona yalvarmışıq ki, bizi incitməsin. Biz belə yaşamışıq. Çox əziyyət çəkmişik. 13 yaşına kimi döyülə-döyülə, söyülə-söyülə böyümüşəm. 13 yaşımdan işləmişəm, evə çörəkpulu gətirmişəm. Taylarım məktəbə gedəndə, fəhləlik etmişəm. Fəhləliklə qazandığım pullarla anamı, qardaşımı, bacımı dolandırmışam”.
Təqsirləndirilən şəxs qeyd edib ki, həbs olunan ərəfədə atası ilə eyni evdə anası, bacısı, qardaşı və bacısının əri yaşayıb: “Mən həbsxanaya düşəndən sonra atam onları daha çox incitməyə başladı. Anam da, qardaşım da, bacım da Kürdəxanı istintaq təcridxanasında mənimlə danışanda ağlayırdılar, atamın onlara qarşı etdiyi hərəkətlərdən danışırdılar. Yeznəmiz atamın əlindən bezdi və bacımı dı götürərək kirayə tutduğu evdə yaşamağa başladı”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, qətl hadisəsindən bir neçə ay əvvəl atası ilə yenidən evdə dava-dalaş salıb. Onun sözlərinə görə, bu davadan sonra anası və qardaşı da evi tərk ediblər: “Atama mən baxmağa başladım. O dolana bilmirdi. Həmin ərəfədə mənim işim yaxşı gətirmişdi, əlimdə pulum var idi. Atama maşın aldım ki, taksilik edib, dolansın. Bundan sonra atamın ad günü oldu, ona da günün də qızıl üzük hədiyyə etdim”.
Emil Sadıqov atasının qonşularla münasibətindən də danışıb: “Atam kimə gəldi söz atırdı. Sonuncu dəfə atama yenə də xəbradarlıq etdim. Amma o xəbərdarlıqlarıma məhəl qoymadı. Buna görə də ona bıçaqla 5 zərbə vurdum. Atamı öldürəndən sonra dükana getdim. Bir butulka su alaraq içdim. Daha sonra intihar etmək fikrinə düşdüm. Buna görə də santexnik materialları mağazasından ip aldım və daha sonra Hövsanda dəniz kənarına gəldim. Orada çardaqdan özümü asdım. Amma ip açıldığı üçün cəhdim baş tutmadı. İkinci dəfə də özümü asmağa cəhd etdim. Bu zaman da ip qırıldı. Yerdə uzanaqlı halda intihar etməyin lazım olmadığını düşündüm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman 36-cı polis bölməsindən Elməddin adlı polis işçisi ona zəng edib və harada olması ilə maraqlanıb: “Elməddin məndən polisə gələrək təslim olmağımı istədi. Ona dedim ki, şokdayam, özümə gələndə təslim olacam. Bir qədər dəniz qırağında dayandım. Sonra polis bölməsinə gələrək təslim oldum”.
Proses iyulun 26-da davam edəcək.