26 İyul 2017 17:46
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rüşvət verməkdə təqsirləndirilən Vəkillər Kollegiyasının üzvü və “Yasavul” MMC-nin direktoru Əliabbas Rüstəmovun kasasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan prosesdə Əliabbas Rüstəmovun barəsində olan hökm dəyişdirilib.

Əliabbas Rüstəmovun ittiham olunduğu Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtaraklığı) maddəsi ilə verilmiş ittiham üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçdiyi nəticəsinə gəlinib. Buna görə də ona həmin maddə ilə cəza təyin edilməyib.

Məhkəmə Əliabbas Rüstəmovu Cinayət Məcəlləsinin 312.2-ci (rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə təqsirli bilib və onun cəzasını 6 ilə endirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əliabbas Rüstəmov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Əliabbas Rüstəmov apelyasiya şikayəti verərək, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Əliabbas Rüstəmovun şikayəti təmin edilməyib.

Bundan sonra Əliabbas Rüstəmov Ali Məhkəməyə kasasiya şikayəti verib.

İttihama görə, “Yasavul” MMC-nin direktoru Əliabbas Rüstəmovun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Əliabbas Rüstəmov Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Beyləqan rayon sakini barəsində Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə başlanmış cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və sonuncunun cinayət məsuliyyətindən azad olunması barədə vəd verib. O, guya işin ibtidai istintaqını aparan şəxsə 90 min manat məbləğində rüşvət verilməsi üçün rayon sakinindən cəmiyyətin ofisində 95 min manat məbləğində pulu alarkən cinayət başında saxlanılıb.

Baxış zamanı Əliabbas Rüstəmovun üzərindən 95 min manat məbləğində nağd pul, habelə xidməti otağından ibtidai istintaq üçün əhəmiyyət kəsb edən sənədlər aşkar edilərək götürülüb.

Əliabbas Rüstəmov Cinayət Məcəlləsinin 312.2-ci (rüşvət vermə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Əliabbas Rüstəmov əvvəllər Vəkillər Kollegiyasının üzvü olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər