Teleqraf.com xəbər verir ki, rayonun 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsində 1990-cı il təvəllüdlü Tahirə Əliyeva qardaşı, 1996-cı il təvəllüdlü Camal Əliyev tərəfindən bıçaqlanıb.
Camal Əliyev bacısının baş və boyun nahiyələrinə 13 bıçaq zərbəsi vurub. Nəticədə qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı Camal Əliyev həbs edilib.
Məlum olub ki, hadisə qısqanclıq zəminində baş verib.
Bildirilir ki, Bakıda yaşayan Tahirə Əliyeva bir neçə ay əvvəl ərindən ayrılıb və ayrı evdə yaşamağa başlayıb. Ərindən ayrılan qadın müxtəlif ünvanlarda işləməyə başlayıb.
Gürcüstanda yaşayan Camal bacısının ərindən ayrıldığını, ayrı-ayrı yerlərdə işlədiyini eşidib. Bu məsələ ilə bağlı Bakıya gələn Camal Əliyev bacısını izləməyə başlayıb.
Camal Əliyev bacısına işləməkdən və başqa kişi ilə münasibət saxlamaqdan əl çəkməsini tələb edib. Amma Tahirə Əliyeva buna etirazını bildirib.
Bundan əsəbləşən Camal Əliyev bacısına 13 bıçaq zərbəsi vurub.
Əliyevanın iki övladı var. Cinayəti törədən Camal Əliyev də ailəlidir, onun 1 azyaşlı oğlu var.
Faktla bağlı Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
Hacı Zeynalov