28 İyul 2017 16:40
1 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dostluq” parkı ərazisində torpaq sahələrinin qanunsuz alqı-satqısını həyata keçirməkdə təqsirləndirilən 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) sabiq rəisi Famil Quliyevin azadlığa buraxılması ilə bağlı qərardan prokurorluq apelyasiya protesti verib.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə baş tutan prosesdə prokurorluğun şikayəti üzrə ilkin dinləmə olub.

Əvvəlcə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və daha sonra isə prokurorluğun apelyasiya protestinin dəlilləri müəyyən edilib.

Məhkəmənin növbəti iclası avqustun 7-nə təyin edilib.

“Dostluq” parkı ərazisində torpaq sahələrinin qanunsuz alqı-satqısını həyata keçirməkdə təqsirləndirilən 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) sabiq rəisi Famil Quliyev Nizami rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

Famil Quliyevin cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsi barəsində ərizəsi təmin edilib və məhkəmənin çıxardığı qərara görə, Famil Quliyev saxlandığı ümumu tipli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssəsinə köçürülüb.

Qərar qəbul ediləndən sonra müalicə müəssisəsində olan Famil Quliyev azadlığa buraxılıb.

Bu qərardan apelyasiya protesti verən prokurorluq Famil Quliyevin həbsini tələb edir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Etibar Məmmədov 7 il 6 ay, Famil Quliyev 7 il, Tərlan Hüseynov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmünə görə, təqsirləndirilən şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidirlər.

Hökmdən verilən apelyasiya şikayətində onlara bəraət verilməsi istənilib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Etibar Məmmədovun cəzası 7 il 6 aydan 7 ilə, Famil Quliyevin cəzası 7 ildən 6 ilə, Tərlan Hüseynovun cəzası isə 7 il 6 aydan 5 il 6 aya qədər azaldılıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib.

“Dostluq” parkında villa tikən iş adamı Tərlan Hüseynov həbs edilib. Daha sonra 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Famil Quliyev və Səbail rayonu Bibiheybət Bələdiyyəsinin baş memarı Etibar Məmmədov tutulub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər