10:38
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Report-un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Əlikram Camalov mülki iddia qaldırdığını bildirib.
Məhkəmə mülki iddianı təmin edib.
O sərbəst ifadəsi zamanı deyib ki, təqsirləndirilən şəxslə aralarında pul barədə müqavilə olub: "Onunla iki-üç il bundan əvvəl tanış olmuşam. Təsərrüfat mallarının alqı-satqısı ilə bağlı iş görmüşük".
Hazırda məhkəmə davam etdirilir.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında S.Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Ötən məhkəmə iclasında S.Nəbiyevin vəkili Ceyhun Yusifov vəsatətlə çıxış edərək, məhkəmə istintaqının təzələnməsini istəyib. Vəsatət təmin edilib.
İttiham aktına əsasən, S.Nəbiyev müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. O, Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlığı satışı mağazasına sərmayə qoymağı istəyib. Əvəzində isə qazancın yarısını nazirin qardaşına verəcəyini vəd edib.
Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib.
S.Nəbiyev isə vəsaiti mənimsəyərək Ə.Camalova pulu qaytarmayıb. Nazirin qardaşı Nərimanov Rayon Polis İdarəsinə şikayət edib. Daha sonra onun müraciəti araşdırıldıqdan sonra Nərimanov Rayon Prokurorluğunda 12 yanvar 2017-ci ildə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başladılıb.
Təqsirləndirilən S.Nəbiyev həbs edilməyib, onun himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
***
Əlikram Camalov qeyd edib ki, təqsirləndirilən S.Nəbiyevlə aralarında biznes fəaliyyəti olmayıb:
"Mən ona 18 min manat pulu kömək məqsədi ilə vermişdim. Özünə iş quracağını dedi. Bunu da iki dəfəyə vermişəm. Həmin pulun 50 faizini keçəcəkdim. Artıq keçmirəm. Aramızda olan müqavilə 2015-ci ilin noyabır ayında imzalanıb.
Əvvəl Samir pulu geri qaytarmadı deyə, onunla müqavilə bağladım. Sonra Samir məni aldadıb, pulumu geri qaytarmadı. Mənə ayda 2100 manat pul verməli idi. Lakin o, qazancından sadəcə 4000 manat pul qaytardı".
Hakimlərin suallarını cavablandıran təqsirləndirilən S.Nəbiyev söyləyib ki, Ə.Camalovdan aldığı puldan 4000 manat və 1500 dollar pul geri qaytarıb: "Sonra mağazada işlər yaxşı getmədi. Həmin pulları da Əlikram müəllimin sürücüsü Hidayət müəllimə vermişəm. O, iki dəfə mağazaya gəlib, pulu aparıb. Sonra imkanım olmadı, atam rəhmətə getdi. Heç bir yerə qaçıb, gizlənməmişdim. Atamın yas mərasimi günü sahə müvəkkili gəlib məni apardı".
Məhkəmənin növbəti prosesi avqustun 23-nə təyin olunub.