Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov barəsində olan hökmündən apelyasiya şikayəti verib.
Teleqraf.com xəbər verir ki, onun apelyasiya şikayəti artıq məhkəməyə təqdim olunub.
O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Beytulla Hüseynov 13 il müddətinə azadlıqdan məhrum edilib. O, dövlətə 13 milyon manat ziyan vurmaqda ittiham edilir. Beytulla Hüseynov hökmdən əvvəl dövlətə vurduğu ziyanı ödəyib.
Beytulla Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumudur.
Məlumat üçün bildirək ki, bu cinayət işi üzrə ittiham olunan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin sabiq baş mühasibi Oktay Rüstəmov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin keçmiş baş mühasibi Anar Mustafayev və “Optik Qurğular” İdarəsinin rəisi Namazəli Məmmədov apelyasiya şikayətini təqdim ediblər.
Onlar apelyasiya şikayətlərində günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalov 13 il, Namazalı Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il müddətinə müddətinə azadlıqdan məhrum edilib.
Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Səhrab Hümbətov, Cəfər Cəfərov və Bayram Vəliyevəin barəsində şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.
Məhkəmə təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb. Həmin əmlakların gəliri nazirliyə dəymiş ziyanın ödənilməsinə yönəldiləcək.
Məhəmməd Məmmədovun üzərində əmlak müəyyən olunmadığı üçün müsadirə edilməyib. RYTN-nin mülki iddiası isə qismən təmin edilib.