23 İyul 2014 14:33
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində “Azər-Ross” MTK-nın baş ofisində törədilən dəhşətli qətl hadisəsində və dələduzluqda ittiham olunan Hümbət Məmmədov, Tofiq Bəkirov, Fərman Hacıyev, Ramil Hacıyev, Sahil Şamilov və Şamil Şamilovun cinayət işi üzrə məhkəmə keçirilib.

Teleqraf.com-un xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri iştirak etmirdi. Hakim deyib ki, ötən iclas da prokuror çıxış edib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını istəyib.

Hakim deyib ki, vəkillərin prokurorun çıxışına münasibət bildirməsi üçün məhkəmə iclasını təxirə salıblar: “Təəssüflər olsun ki, vəkillər məhkəmə iclasında iştirak etmir. Qanuna əsasən vəkillər iştirak etməlidir. Amma bizə məlum olmayan səbəblərdən onlar prosesə qatılmayıblar.

Hakim deyib ki, növbəti məhkəmə iclasında vəkillər iştirak etməsə qərar qəbul ediləcək.

Məhkəmə iyulun 25-də davam edəcək.

İttihama görə, 2011-ci ilin iyulun 11-i saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Azər-Ross” mənzil-tikinti kooperativində qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılan atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanıb.

İstintaq araşdırmaları zamanı cinayət işi üzrə dələduzluq faktları da üzə çıxıb. Məlum olub ki, şirkətin təsisçilərindən biri olan Hümbət Məmmədov vətəndaşları aldadaraq bir mənzili bir neçə nəfərə satmaqla dələduzluq edib. Cinayət işi üzrə dələduzluqla üzləşmiş 26 vətəndaş zərərçəkmiş qismində tanınıb. Zərərçəkən vətəndaşlardan 24 nəfərindən 1 milyon 777 min manat pul alınıb və onların heç birinə mənzil verilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hümbət Məmmədov və Vüsal Qurbanov ömürlük, Tofiq Bəkirov 14 il, Fərman Hacıyev 14 il 6 ay, Sahil Şamilov və Şamil Şamilov isə hər biri 12 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Sahil və Şamil qardaşları barələrində olan hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını istəyiblər. Digər təqsirləndirilən şəxslər cəzalarının yüngülləşdirilməsini xahiş ediblər.


Hacı Zeynalov


Müəllif: