24 Avqust 2017 14:16
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhər polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutulub.

Teleqraf.com xəbər verir ki, bu barədə Gəncə şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsi birgə məlumat yayıb.

Avqustun 15-də саат 6 radələrində naməlum şəxs idarə etdiyi VAZ-21060 markalı 61-BD-570 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə-Göygöl yolunun Gülüstan qəsəbəsi ərazisində yolu keçən piyada, qəsəbə sakini Qocayev Rahib Əsədulla oğlunu vuraraq hadisə yerindən qaçıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan Göygöl rayonu, Toğana kənd sakini 1956-cı il təvəllüdlü Verdiyev Sahib Hüseyn oğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə ittiham elan edilməklə barəsində Gəncə şəhəri, Nizami rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər