Bakıda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Mahmud Şəmmədzadə ifadə verib.
O, Emil Hüseynova iş görmək üçün 35 min dollar verdiyini deyib: “Emillə birlikdə nəqliyyat şirkətində işləmişik. Tanışlığımız da orada olub. Sonra bir neçə dəfə kiçik işlər görmüşük. Görülən işlərdən mənə az da olsa qazanc verib. Amma axırıncı işdə məni el ziyana saldı ki, hələ də altından qalxa bilmirəm.
Sonra Emil mənə Gürcüstandan mal gətirməyi təklif etdi. Bunun üçün 35 min dollar istədi. Hətta bu iş üçün bir dəfə Türkiyəyə də getdik. Orada Səməd adlı şəxslə görüşdük. Onun ofisində olanda, işi ilə maraqlananda Emilə dedim ki, bu adam iş görənə oxşamır. Emil də dedi ki, narahat olma.
Sonra Bakıya qayıtdıq. Mən təklif etdim ki, Səmədi Bakıya dəvət eləsin. Səməd Bakıya gəldi, danışdıq. Pulu isə Emilə verdin”.
Zərərçəkmiş qeyd edib ki, verdiyi 35 min dollardan 10 minini geri ala bilib: “Həmin ərəfədə 10 mini qaytardı. Sonra vəziyyət bu yerə gəlib çıxdı. Mən də şikayət etdim. İstintaq dövründə 25 min manat zərər gördüyümü bildirdim. 5 min dollar Emilin qardaşı, 4 min isə anası qaytardı. İndi 16 min dollar alacağım var”.
Zərərçəkmiş suallara cavab verərkən Arif Əsgərovun oğlu Elnar Əsgərovla da görüşdüyünü deyib: “Emil pulu alanda demişdi ki, işi görən Elnardır. Amma mən Elnarla görüşməmişəm. Problem yaranandan sonra Elnarla görüşdüm. Elnar dedi ki, bu iş onluq deyil. Emil də deyir ki, iş Elnarındır”.
Məhkəmədə şahid qismində Müşfiq Hüseynov da dindirilib. Onun dindirilməsində məqsəd tərəflər arasındakı söhbətlərə şahidlik etməsidir.
Müşfiq Hüseynov taksi sürücüsü kimi zərərçəkmişlərdən Tural Hüseynovun və təqsirləndirilən Emil Hüseynovun işlərini gördüyünü deyib: “Məni maşın lazım olanda çağırırdılar. Turalı, Emili dəfələrlə getdikləri yerə aparmışam. Bəzən pul da veriblər, aparıb ünvana çatdırmışam”.
Şahid suallara cavabında Turalla Emil arasında yaranmış mübahisə barədə bunları deyib: “Bir dəfə Emili Turalın yanına apardım. Tural da məni tanıyırdı. Dedi ki, həyətdə durma, gəl çay iç. Orada olanda işdən, puldan danışırdılar. Nəsə mal alıb satırdılar. Tural dedi ki, sizin yanınızda Emil boyun oldu, pulu ayın 25-də qaytaracaq. Məbləği dəqiq bilmirəm. 450 min, 950 min məbləğlərindən danışırdılar”.
Növbəti proses sentyabrın 8-də davam edəcək.
İttihama görə, Emil Hüseynov Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar, Mərziyyə Rzayevadan isə 19 min 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib.
Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanıb. Cinayət materiallarına əsasən, Emil Hüseynov həmin vətəndaşları Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə aldadıb.
Emil Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. Elan olunmuş ittiham üzrə Emil Hüseynov özünü qismən təqsirli bilməyib.
Məlumat üçün bildirək ki, Emil Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbiri sonradan ev dustaqlığı ilə əvəz edilib. O, sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur.