23 İyul 2014 15:31
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə 20 yaşlı gənci satış məqsədi olmadan narkotik vasitəni əldə etməkdə təqsirli bildi

Dünən Sumqayıt Apelyasiya Məhkəməsində narkotik alveri ilə məşğul olan Xaçmaz rayon sakini, 1994-cü il təvəllüdlü Elsevər Mürsəllinin cinayət işi üzrə məhkəmə başa çatıb.

İttihama görə, Elsevər Mürsəlli 4,200 qram çəkidə narkotik vasitə hesab olan heroini əldə edib. Onun narkotik vasitələrin alveri ilə məşğul olması barədə Xaçmaz rayon Polis Şöbəsinə məlumat daxili olub. 3 oktyabr 2013-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və Xaçmaz rayon Polis Şöbəsi əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat zamanı Elsevər Mürsəlli həbs edilib. Baxış zamanı onun üzərindən narkotik vasitə aşkar olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elsevər Mürsəlli 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elsevər Mürsəlli apelyasiya şikayəti verib. Elsevər Mürsəlli əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. Elsevər Mürsəllinin sözlərinə görə, oktyabrın 3-də polis əməkdaşları tərəfindən qanunsuz olaraq polis şöbəsinə gətirilib: “Hal şahidlərinin iştirakı ilə üstümdə axtarış aparıldı. Polis işçiləri tərəfindən əynimdəki gödəkçənin cibindən guya bir ədəd siqaret kağızı bükümündə kütlənin aşkar olunması barədə protokol tərtib edildi. Daha sonra Bəxtiyar adlı polis əməkdaşı mənə narkotik vasitəni guya avtovağzaldan tapmağımı və maraqlandığım üçün götürdüyüm barədə etiraf edici izahat yazacağım dedi. O, belə izahat yazandan sonra sərbəst buraxılacağımı bildirdi. Ona inandığım üçün narkotik vasitəni tapdığım barədə izahat yazdım. Həqiqətdə üstümdə narkotik vasitə olmayıb. Həmin narkotik vasitə polis əməkdaşı tərəfindən cibimə qoyulub. Lakin narkotik vasitənin cibimə qoyulmasını görməmişəm və hiss etməmişəm. Heç vaxt narkotik vasitələrdən istifadə etməmişəm. Belə vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamışam”.

Məhkəmə polis əməkdaşlarının ifadəsini dinləyib. Polislər məhkəmədə verdikləri ifadəsində Elsevər Mürsəllinin üzərindən narkotik vasitə tapıldığını deyiblər. Bütün tərəfləri dinləyən hakimlər sonda qərar açıqlayıblar.

Qərara görə, Elsevər Mürsəllinin apelyasiya şikayəti qismən təmin olunub. Onun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi həmin məcəllənin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsinə tövsif edilib. Məhkəmənin hökmü ilə Elsevər Mürsəllinin barəsində 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Hacı Zeynalov


Müəllif: