29 Avqust 2017 12:14
1 694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda “Məkan” barında adam öldürməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Xəyyam Paşayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə dindirilməyən üç şahid barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Hakim bildirib ki, şahidlərin məhkəməyə məcbur gətirilməsi ilə bağlı çıxarılan qərarı müvafiq polis idarələrinə göndərilib. Onun sözlərinə görə, həmin məktublara cavab gəlib.

Hakim bildirib ki, Gəncə şəhər Polis Şöbəsinin sahə müvəkkili məhkəmə ilə əlaqə saxlayıb: “O, qeyd edib ki, həmin şahidin cibinə pul da qoyub, Gəncədən Bakıya yola salıb. Lakin o, məhkəməyə gəlmədi. Hazırda şahidə zəng çatmır, telefonu söndürülüb”.

Daha sonra məhkəmədə üç şahidin istintaqa verdiyi ifadəsi elan olunmuş kimi qəbul edilib.

Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Növbəti proses avqustun 31-də davam edəcək.

İttihama görə, 2017-ci il martın 5-də Səbail rayonunda yerləşən “Məkan” barında Xəyyam Paşayev 25 yaşlı Ceyhun Qurbanovu ürəyindən bir bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Məlum olub ki, cinayət saat 05:30-da törədilib. Həmin vaxt barda olan şəxslər arasında mübahisə yaranıb. Mübahisədən sonra Xəyyam Paşayev kafeni tərk edib və bıçaqla qayıdaraq 25 yaşlı Ceyhun Qurbanova bir zərbə endirib. Ceyhun təcili tibbi yardım stansiyasında vəfat edib.

Bildirilir ki, Ceyhun Qurbanovun digər qardaşı 2016-cı ildə yol qəzasında vəfat edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər