29 Avqust 2017 17:27
1 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Kürdəmir rayonunda baş verən qətllə bağlı birgə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayonunda cari ilin əvvəlində törədilən və bağlı qalan qətlin üstü açılıb.

Bu il martın 22-də səhər radələrində Kürdəmir rayonunun Yenikənd kənd sakini Namiq Qubatovun baş nahiyəsindən aldığı xəsarətlə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi, tibbi personal tərəfindən göstərilən səylərə baxmayaraq, orada ölməsi barədə polis şöbəsinə məlumat daxil olub.

Məlumatla əlaqədar Kürdəmir Rayon Prokurorluğu və Polis Şöbəsi əməkdaşları dərhal hadisə yerinə çıxıb, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmalarla Namiq Qubatovun yaşadığı evdə odlu silahdan açılan atəş nəticəsində qətlə yetirildiyi məlum olub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi, rayon prokurorluğu və polis şöbəsi əməkdaşlarının birgə peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin mərhumun həmkəndlisi - əvvəllər oğurluğa, qəsdən sağlamlığa ağır zərərvurmaya görə üç dəfə məhkum olunan Rahim Mirzəyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı TOZ-8 markalı tüfəngdən atəş açaraq törədildiyi müəyyən edilib.

Rahim Mirzəyev avqustun 26-da polis əməkdaşları tərəfindən saxlanılıb, cinayətin aləti olan silah isə yaşadığı evin həyətində olan tövlədə aşkar edilərək maddi sübut kimi götürülüb.

Rahim Mirzəyev təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər