23 İyul 2014 17:08
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda 25 yaşlı gəncin bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Teleqraf.com-a Bakı Şəhər Prokurorluğundan məlumat verilib.

Məlumata görə, iyulun 22-də saat 05:30 radələrində paytaxtın Səbail rayonu ərazisində, “Xəqani” bağının yaxınlığında Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Quliyev Şahin Elçin oğlunun bədəninin müxtəlif nahiyələrindən aldığı kəsilmiş-deşilmiş xəsarətlərlə bağlı xəstəxanaya yerləşdirilməsi faktına görə Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaqla müəyyən edilib ki, Şirvan şəhər sakini Kərim Kərimov həmyerliləri Fuad Əliyev, İlham Şadıyev və Əli Süleymanov ilə birlikdə “Xəqani” bağında olarkən ictimai qaydanı kobud şəkildə pozaraq Şahin Quliyevlə mübahisə ediblər. Bu zaman K.Kərimov üstündə gəzdirdiyi bıçaqla, Fuad Əliyev isə fiziki zor tətbiq etməklə Ş.Quliyevə müxtəlif dərəcəli bədən xəsarətlər yetirərək hadisə yerindən qaçıblar.

Paytaxtın hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Kərim Kərimov və Fuad Əliyev tutularaq istintaqa cəlb olunublar. K.Kərimovun üzərinə baxış keçirilərkən bir ədəd bıçaq və “beşbarmaq” aşkar edilərək maddi sübut kimi götürülüb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif: