Bakıda dələduzluqda təqsirləndirilən Qədəm Tanrıverdiyeva və onun oğlu Nadir Tanrıverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə Qədəm Tanrıverdiyeva 10 il, Nadir Tanrıverdiyev isə 7 il 6 müddətinə azadlıqdan məhrum edilib.
Prokuror Qədəm Tanrıverdiyevanın 10 il 6 ay, oğlu Nadir Tanrıverdiyevin isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttihama görə, Qədəm Tanrıverdiyeva əvvəllər də dələduzluq ittiham ilə həbs edilib. O, 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum olunub. Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə onun əməli sübuta yetirilməyib və barəsində bəraət hökmü çıxarılıb.
Həbsdən çıxan Qədəm Tanrıverdiyeva növbəti dəfə dələduzluq ittihamı ilə həbs edilib. Məlum olub ki, bu işdə oğlu Nadirin də əli var. Ana və oğul Abşeron və Sumqayıtda bir qrup vətəndaşın etibarından sui-istifadə edərək dələduzluq əməlləri törədiblər.
Onlar zərərçəkmişlərin şikayəti əsasında həbs ediliblər.