Bakıda qız üstündə adam bıçaqlayan 1987-ci il təvəllüdlü Rəhman Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Rəhman Qəhrəmanov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Rəhman Qəhrəmanov əvvəllər Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham edilib və islah işləri cəzasına məhkum olunub. O, bu il fevralın 27-dəm Keşlə qəsəbəsində kafedə Ədalət Həsənovu bıçaqlayıb.
Rəhman Qəhrəmanov “Köylü” kafesində pivə içən zaman Ədalət Həsənov iki dostu və 3 qızla həmin kafeyə gəlib. Onlar Rəhman Qəhrəmanova yaxın olan masalardan birinə əyləşiblər.
Rəhman Qəhrəmanovun həmin qızlara baxması Ədalət Həsənovu əsəbləşdirib. O, Rəhman Qəhrəmanova etiraz edib və aralarında mübahisə yaranıb.
Daha sonra onlar mübahisələrini kafedən kənarda davam etdiriblər. Gənclər arasında mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Rəhman Qəhrəmanov özündə olan bıçaqla Ədalət Həsənovu vurub.
Vaxtında xəstəxanaya yetişdirilən Ədalətin həyatını xilas etmək mümkün olub. Polisin keçirdiyi əməliyyat nəticəsində Rəhman Qəhrəmanov həbs edilib.
Rəhman Qəhrəmanov Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham edilib.