Bakıda tanışını döyərək öldürməkdə təqsirləndirilən Kamil Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə Kamil Quliyev ifadə verib.
O, bildirib ki, öldürdüyü Rahib Zeynalov və bir neçə dostu ilə kafedə oturublar: “Bir az sonra Zülfüqar kafedən getdi. Əvvəlcədən danışmışdıq, hesabı o verəcək. Rahib hesabın verilmədiyini görəndə stolu aşırdı, bakalı qırdı. O, içkili idi, dedi, guya mən Zülfüqarın atasına söymüşəm. Buna görə Zülfüqarın yanına getdik.
Rahiblə mübahisəmiz düşdü, məni kəllə ilə vurdu. Mən də onu itələdim. Rahib yerə yıxıldı, onu maşınla xəstəxanaya apardıq. Oradan da çıxıb getdim. Səhər eşitdim ki, Rahibin vəziyyəti ağırdı. Bundan sonra polisə təslim oldum, törətdiyim əməli etiraf elədim”.
Mərhum Rahib Zeynalovun anası Bəsti Zeynalova ifadəsində qeyd edib ki, hadisədə oğlunun günahı olmayıb. O, oğlunun uşaq vaxtı avtomobil qəzasına düşdüyünü deyib. Ananın sözlərinə görə, oğlu həmin vaxt dördüncü sinifdə oxuyurmuş, maşın onu vuranda dalağı çıxarılıb: “O vaxt xəstəxanada 16 gün yatdı, sağalıb evə buraxıldı. Heç bir problemi yox idi.
Bu hadisə zamanı isə onu döyəndən sonra aparıb, xəstəxanaya atıb qaçıblar. Hətta xəstəxananın qeydiyyat şöbəsində onun adını da səhv yazıblar. Oğlumun boyununu qırmışdılar. Rahibin özü dedi ki, onu Kamilgil boynundan vurublar. Kamilin anasına və bacısına dedim ki, əməliyyata pul lazımdır, kömək edin. Razı olmadılar. Anası bildirdi ki, oğlum gedib 15 il cəzasını çəksin”.
Növbəti proses sentyabrın 14-də davam edəcək.
İttihama görə, hadisə Sumqayıt şəhərində baş verib. Kamil Quliyev münaqişə zəminində tanışı Rahib Zeynalovla əlbəyaxa olub. Əlbəyaxa zamanı Rahib Zeynalov ağır xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Kamil Quliyev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir.