Dələduzluqda təqsirləndirilən Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləliyev, Anar İsmayılov və Nicat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Əlihüseyn Mahirov ifadə verib.
O, dindirilərkən məhkəmədə və polisdə işlədiyini deyib: "Gəlinim Səriyyə pulun bu şəxslərə verəndən sonra qorxudulub. Ceyhun dedi ki, oğlunun həbsdən azad olmasına görə 5 min manat gətir. Pulu düzəltdim. Dedim ki, mən də gəlim?. O, "yox sən gəlmə, işi korlayarsan" söylədi. Mən evdə qaldım. Guya bunlar oğlumu həbsdən buraxdıracaqdılar. Mən sonra bildim ki, 147 min manat verilib. Həmin pulların verilməsindən xəbərim olmayıb. Pulu Ceyhun İbayev alıb. Vüqar Əsədov mənim başıma oyun açıb. Məni Lənkərana və Lerikə apardı. Guya orada onun əmisi işi həll edəcəkdi. Maşın yolda az qaldı ki, aşsın. Ceyhun İbayev mənim qohumumdur. Günah ondadır. Çünkü pulu almışdı, gərək mənə də bu barədə deyərdə. Məndən qorxduğu üçün demədi".
Təqsirləndirilən Ceyhun İbayev bildirib ki, pulun geri qaytarılması ilə bağlı Vüqar Güləli 30 min manatı öz boynuna götürüb: "Bakıda görüşdük. Vüqar dedi ki, həbsdə olan şəxsin oğlu gəlsin. Daha sonra Vüqar söylədi ki, gedib bir nəfərlə görüşüb, pulu gətirəcək. Vüqar o gedən getdi".
Digər təqsirləndirilən Vüqar Güləli isə 147 min manat pul zərərçəkmiş Səriyyə Tahirovadan almadığını qeyd edib: "Bizdə evdə bu barədə söhbət də gedib. Bu puldan 77 min manatdan xəbərim olub. 7 mini işi həll etmək üçün vermişəm. 47 mini isə Vüqar Əsədova vermişəm. Anama söz vermişəm düzünü danışacam. Gərək haqqla danışaq".
Şahid qismində Elçin Orucov dindirilib. O, atasının 8 min manat zərər çəkdiyini bildirib: "Bu pul məni polisə düzəltmək üçün verilib. Təqsirləndirilən Nicat Əliyev Namaz adlı şəxslə bizi tanış edib. İki dəfə obunla görüşdüm. Sonra isə işi həll etmədi".
Şahid Zenfira Əhmədova söyləyib ki, zərərçəkmiş Səriyyə Tahirovanın bacısıdır: "Bacımın yoldaşının məhkəməsindən sonra o, məni evlərinə çağırdı. O, Ceyhuna pul verdiyi bildirib. Getdik Bakıya Ceyhungilin evinə. Söhbət zamanı Ceyhun and içdi ki, pulin bir hissəsi ondadır".
Növbəti proses sentaybrın 14-də davam edəcək.
İttihama görə, Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli, Anar İsmayılov və Nicat Əliyev bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq edib.
Həmin şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəkləri vədi veriblər. Onlar qadının 147 min manat pulunu ələ keçiriblər.
Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunan təqsirləndirilən şəxslər digər vətəndaşlara qarşı da dələduzluq ediblər.
Onlar iranlı məhkumların İrana ekstradisiya edilməsi üçün pul lazım olduğunu, qarşılığında isə 1 milyon dollar pul qazanacaqlarını, əldə edilən puldan onlara da pay verəcəkləri vədi ilə Aybala Namazovdan 35 min manat, Ədalət Əsgərovdan 115 min alaraq qaytarmayıblar.
Cinayət işində çoxsaylı zərərçəkmiş var.
Xatırladaq ki, Vüqar Güləliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təqaüddə olan polkovnikidir.