Daxili işlər orqanları tərəfindən şəxsiyyət əleyhinə olan quldurluq cinayətlərinin qarşısının alınması və bu tip qanunsuz əməllər törədən şəxslərin ifşa edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, cari ilin iyul ayının 30-da Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən fərdi yaşayış evlərindən birinə basqın edən üzlərində maska olan naməlum şəxslər ev sahibi və həyat yoldaşına zor tətbiq edib əl-qollarını bağlayaraq mənzildən 5800 ABŞ dolları, 2200 manat pul, 3 ədəd mobil telefon, 1 ədəd “Frank Müller” markalı qol saatı, 1 ədəd adi qol saatı, 1 ədəd suvenir xəncəri quldurluq yolu ilə talayaraq hadisə yerindən qaçıblar.
Binəqədi rayon Polis İdarəsi əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qeyd edilən cinayətin Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Anar Əmirli, Bəhruz Hacızadə, Bərdə rayon sakinləri Natiq Musayev, onun qohumu Elməddin Musayev tərəfindən törədildiyi müəyyən edilib və adları çəkilən şəxslər saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
Cinayət yolu ilə əldə edilən pul və qiymətli əşyalar saxlanılan şəxslər arasında bölünüb. Ev sahibinə məxsus olan “Frank Müller” markalı qol saatı isə dəstə üzvü E. Musayevdən aşkar edilərək götürülüb.
Qeyd edilən faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hacı Zeynalov