24 İyul 2014 11:25
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına gələn şəxsdən narkotik vasitə götürülüb.

Bu barədə Teleqraf.com-a Sabunçu rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən rayonun Maştağa qəsəbəsi, Axund Şeyx Hüseyn küçəsi 69/71 ünvanda yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasının “Güclü və Ciddi Müşahidə altında Psixiatriya Stasionarı” şöbəsinin giriş qapısının nəzarət buraxılış məntəqəsində gələn vətəndaşların və tibbi personalın əşyalarını yoxlama aparılıb.

Yoxlama zamanı həmin şöbədə kiçik tibb işçisi işləyən 1969-cu il təvəllüdlü Məmmədbağır Səidov özünü şübhəli aparıb və qaçmaq istəyib. Amma Məmmədbağır Səidov mühafizə polisinin əməkdaşları tərəfindən saxlanılıb.

Məmmədbağır Səidovun üzərinə baxış keçirilib. Ondan 0,963 qram tiryək, 0,110 qram metadon və 0,01 qram diazepam tipli narkotik vasitə aşkar edilib. Onun barəsində tədbir görülməsi üçün Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: