Bakıda xuliqanlıq hərəkəti etməkdə təqsirli bilinən Rüstəm Orucovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra məhkəmə istintaqının başlandığı elan olunub. Çıxış üçün söz dövlət ittihamçısına verilib. O, ittiham aktını elan edib.
Rüstəm Orucov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
İttihama görə, bu il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı avtomobillə yol hərəkəti qaydalarını pozub.
Rüstəm Orucova əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.
Müəyyən edilib ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib və hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub. O, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib.
Rüstəm Orucov Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham edilir.
Qeyd edək ki, Rüstəm Orucov Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən işləmiş, general-mayor Novruzəli Orucovun oğludur.
Novruzəli Orucov bu hadisədən sonra tutduğu vəzifədən azad edilib.