14 Sentyabr 2017 14:52
2 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənimsəmədə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan Bilal Məmmədov, Anar Nağdıyev və Xalidə Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə prokuror və təqsirləndirilən şəxslərin vəkilləri çıxışı edib.

İttihama görə, 2012-ci ilin fevral ayından 2014-cü ilin may ayınadək “Təhsil” Respublika İdman Mərkəzi Sumqayıt filialının vəzifəli şəxsləri tərəfindən qurumun tabeliyində olan idman bölmələri üzrə ezamiyyə səfərləri, təlim-məşq toplanışlarına pul vəsaitlərinin xərclənməsinə dair tərtib olunmuş sənədlərə faktiki xərclənmiş pullardan artıq vəsaitin xərclənməsi barədə bilə-bilə yalan məlumatlar daxil etməklə məşqçi müəllimlərin kart hesablarına köçürülməsi və kassa məxaric orderləri əsasında onların adına rəsmişləşdirilməsi təşkil edilməklə 115.395,2 manat büdcə vəsaiti mənimsənilib.

Bilal Məmmədov və Anar Nağdıyev barəsində Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə ittiham irəli sürülüb, barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Xalidə Mirzəyeva barəsində isə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs qismində dindirilən Bilal Məmmədov ifadəsində 2010-2014-cü illər ərzində “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialının direktoru vəzifəsində çalışdığını, məşqçi müəllimlərə filialın direktor müavini Anar Nağdıyev tərəfindən nağd qaydada pul vəsaitlərinin verilməsindən xəbərsiz olduğunu, məşqlər və yarışlar zamanı hər hansı müəllimdən əməkhaqqı kartını almadığını, əməkhaqqı kartlarından pul çıxarmadığını göstərib.

Anar Nağdıyev də ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, 1996-2005-ci illər ərzində 1 saylı Uşaq Gənclər İdman Məktəbində baş məşqçi, 2005-2015-ə qədər isə “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialında direktor müavini işlədiyini göstərib. Direktor müavini il ərzində keçiriləcək və filialın iştirak edəcəyi yarışların cədvəlini, ilkin smetanı hazırladığını, bunun əsasında filiala pul ayrıldığını bildirib.

Təqsirləndirilən Xalidə Mirzəyeva da ona elan olunan ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində əvvəllər baş mühasib, 2013-cü ildən etibarən isə kadrlar üzrə mütəxəssis vəzifəsində işlədiyini, həmçinin əməkhaqqı almadan xəzinədar vəzifəsini icra etdiyini göstərib.

Xalidə Mirzəyeva ifadəsində göstərib ki, Bilal Məmmədovun əmri ilə filialda xəzinədar işlədiyi zaman əməkhaqqı kartından başqa onun adına əlavə kart sifariş olunub. Həmin karta 52.237,49 manat pul köçürülüb. Pulları alan kimi onları kartla birlikdə Bilal Məmmədova təhvil verib. Həmin məbləğ direktorun otağındakı seyfdə saxlanılıb.

Bilal Məmmədovun vəkili müdafiə çıxışında qeyd edib ki, müvəkkilinin mənimsənilən pullardan xəbəri olmayıb və bu işlərə birbaşa müavimi A.Nağdıyev nəzarət edib. Vəkil müdafiə etdiyi şəxsə irəli sürülən ittihamlarla razılaşmadığını və ona bəraət verilməsini istəyib.

Daha sonra Anar Nağdıyevin vəkili çıxış edib: "Bilal Məmmədovun direktor olduğu müəssisəsdə Anar Nağdıyevin bu işləri gördüyünü deməsi əsassızdır. Müdafiə etdiyim şəxsin ittihamda göstərilən cinayət əməlində heç bir günahı yoxdur. Anar Məmmədov barəsində bəraət hökmünün çıxarılmasını xahiş edirə".
Təqsirləndirilən hər iki şəxs də məhkəmədə son sözlə çıxış edib. Onlar ittihamla razılaşmaqdıqlarını, özlərini təqsirli bilmədiklərini söyləyiblər.

Məhkəmə müşavirədən sonra hökmü elan edib.

Hökmə əsasən, Bilal Məmmədov 8 il 6, Anar Nağdıyev 8 il azadlıqdan məhrum edilibilər. Onlar məhkəmə zalında həbs ediliblər.

Xalidə Mirzəyev barəsində isə 2 il sınaq müddəti olmaqla 3 il 6 ay şərti cəza təyin edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər