Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinib, Səbail rayon Məhkəməsinin hökmü ilə bəraət alan Fərhad Ocaqnavi barəsində prokurorun verdiyi apelyasiya protesti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə baş tutan prosesdə prokuror vəsatətlə çıxış edib.
O bildirib ki, cinayət işi üzrə şahid qismində dindirilən Faiq Hüseynovun ifadəsi hökmdə fərqli göstərilib. Prokuror həmin şahidin məhkəmədə təkrar dindirilməsini istəyib.
Prokuror bildirib ki, hadisə yerində olan hal şahidlərinin ifadəsi ilə işdə olan sənədlərlə uyğunsuzluq var. Prokuror apelyasiya protestinə məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyib.
Fərhad Ocaqnavinin vəkili Əlizadə Kazımov buna etiraz edib. O, Faiq Hüseynovun məhkəmədə əlavə dindirilməsinə, şikayətin məhkəmə istintaqı ilə aparılmasına əsas olmadığını deyib.
Vəkilin sözlərinə görə, birinci instansiya məhkəməsində şahidlər dindirilib, işdə olan sənədlərə dəfələrlə nəzər salınıb. Məhkəmə şahid ifadələrini araşdırıb və sonda onların ifadələrini sübut kimi qəbul etməyib: “Müdafiə etdiyim şəxsin günahsız olması barədə işdə mötəbər sübutlar var”.
Məhkəmə prokurorun vəsatətini qismən təmin edib. Bildirilib ki, apelyasiya protestinə qismən məhkəmə istintaqı aparılmaqla baxılacaq, zərurət yarandığı halda şahidlərin dindirilməsi təmin ediləcək.
Daha sonra məhkəmə istintaqı başlanıb və prokuror ittiham aktını elan edib. İttihama görə, 2016-cı ilin mayın 22-də Səbail rayonu, Bibiheybət yolu 6 ünvanının qarşısında 1990-cı il təvəllüdlü Emil Məhərrəmovun idarə etdiyi “Mazda CX-9” markalı avtomobilə 1987-ci ildə anadan olmuş Fərhad Ocaqnavinin sürdüyü “Ford” markalı avtomobil toqquşub.
Nəticədə “Mazda”da olan sərnişinlərdən Bakı şəhər sakini Mikayıl Makravuz hadisə yerində ölüb. Avtomobillərdə olan daha 4 nəfər müxtəlif bədən xəsarətləri alıblar.
İstintaq orqanı baş verən qəzanın törədilməsində Fərhad Ocaqnavini günahkar bilib və onun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edib.
Məhkəmədə ifadə verən Fərhad Ocaqnavi elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, avtomobildə hərəkətdə olan zaman surət həddini aşmayıb.
Təqsirləndirilən şəxs qeyd edib ki, işdə olan zərərçəkmiş Emil Məhərrəmov ona qarşı mülki iddia qaldırıb və hadisədən sonra 3 gün xəstəxanada yatıb: “Necə olur ki, Emil Məhərrəmov hadisə baş verən günü müstəntiqlərlə birlikdə hadisə yerinə gedir, hadisənin baş verməsini göstərir... Onun mənə qarşı şikayəti qərəzlidir”.
Fərhad Ocaqnavi bildirib ki, avtomobili saz vəziyyətdə olub, texniki baxışdan keçib: “Qəza baş verən vaxtı avtomobilimdə dostum Əhməd Mirzəyev olub. Biz öz yolumuz ilə gedirdik, qəfil Emil Məhərrəmov mənim yoluma çıxıb. Bütün bunlar qəfil baş verib, mən ancaq toqquşma annını görmüşəm”.
Növbəti proses sentyabrın 20-də davam edəcək.