İŞİD terror təşkilatının tərkibində vuruşmaqda təqsirləndirilən Afiq Qəhrəmanov və Rəşadət Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakıda hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında Rəşadət Qasımovun 12 il və Afiq Qəhrəmanovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, antiterror tədbirləri nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, Azərbaycan hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində təqsirləndirilirlər.
Hər iki şəxs İŞİD terror təşkilatının sıralarına qoşulduqdan sonra Azərbaycana qayıdarkən həbs ediliblər.