Yavlax rayonunda xəstəxanaya düşən şəxsin narkotik oğurlayarkən güllələndiyi məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, sentyabrın 23-də saat 6 radələrində Yevlax rayonunun Havarlı kənd sakini Bəkir Bəkirovun güllə yarası (qırma) ilə Mingəçevir şəhər Xəstəxanasına gətirilməsi barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Yevlax Rayon Polis Şöbəsinin əməliyyat qrupu xəstəxanaya yollanıb. Ancaq Bəkir Bəkirov polis əməkdaşlarına hadisənin hansı zəmində və kim tərəfindən törədilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verib, tanımadığı şəxslər tərəfindən vurulduğunu bildirib.
Həyata keçirilən əməliyyat tədbirləri ilə Bəkir Bəkirovun rayon ərazisindəki təsərrüfatların birindən oğurluq etməyə cəhd göstərən zaman odlu silahdan açılan atəş nəticəsində yaralandığı məlum olub.
Müəyyən edilib ki, onun Hacıselli kəndinin ərazisində Abbas İsmayılova və qardaşı Röyala məxsus pay torpaq sahəsində tərəvəz məhsullarının yetişdirildiyi yerdə kultivasiya yolu ilə narkotik tərkibli bitkilər əkib-becərdikləri barədə məlumatı olub. Həmin gün saat 2 radələrində həmkəndliləri, əvvəllər məhkum olunmuş Savalan Qasımov və Əhməd Mahmudzadə ilə birgə həmin təsərrüfatdan 20 ədəd çətənə kolunu oğurlayıb aparmaq istəyərkən Abbas İsmayılov ov tüfəngindən atəş açaraq Bəkir Bəkirovu yaralayıb.
İstintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə baxış keçirilib, oradan Bəkir Bəkirova məxsus “İJ” markalı tüfəng aşkar edilərək götürülüb.
Savalan Qasımov, Əhməd Mahmudzadə, Abbas İsmayılov və Röyalın yerləri müəyyən edilib, onlar şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib. Abbas İsmayılovdan “TOZ-16” markalı tüfəng götürülüb.
Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri aparılır.