11 Oktyabr 2017 13:18
3 481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kriminal aləmdə Lotu Quli ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə şahid qismində İrza Nağıyev ifadə verib.

O bildirib ki, əməliyyat keçirilən zaman Ağstafa rayon polis şöbəsinin rəis müavini olub. İrza Nağıyevin sözlərinə görə, Məhəbbət Namazovun evində əməliyyat keçiriblər, mətbəxdə çaydanın içərisində "Makarov" tipli tapançaya məxsus güllələr və bir ədəd bıçaq aşkarlayıblar. O, qeyd edib ki, həmin əməliyyatda hal şahidləri, müstəntiq və polis əməkdaşları iştirak edib: "Biz bütün mənzili axtardıq. Evdə Məhəbbətin həyat yoldaşı və qohumları var idi. Qadın bildirdi ki, bıçaq rəhmətlik qayınatasına məxsus olub. Amma "Makarov" tapançasına məxsus patronlara bağlı bir söz demədilər. Biz əməliyyat axtarışını Nəsimi rayon Polis İdarəsi rəhbərliyinin təqdimatı ilə keçirdik. Həmin vaxt məhkəmənin qərarı olmayıb. Ancaq əməliyyatın keçirilməsinə Məhəbbət Namazovun yoldaşının razılığı olub. Əvvəllər Məhəbbət Namazovun silah saxlaması barədə polisə məlumat daxil olmayıb".

Daha sonra İlqar Əmdullayev ifadə verib. O qeyd edib ki, Məhəbbət Namazovu tanımayıb: "Əməliyyatda hal şahidi kimi iştitak etmişəm. Maşına baxış keçirilib, sahibi də yanında idi. Axtarış zamanı toz kimi nəsə tapıldı. Sonra adını Məhəbbət bildiyim şəxs sorğu-sual edildi. Daha sonra protokol tərtib edildi".

Məhəbbət Namazov hal şahidinə "bu insanlar bədbəxt insanlardır, damarları qırıqdılar. Bu şəxsi mən polis idarəsində görmüşəm. Bu bədbəxtə nə sual verə bilərəm?" - deyə sual edib.

Digər hal şahidi Faiq İsmayılov bildirib ki, Məhəbbət Novruzov polis idarəsində olarkən hal şahidi kimi çağırılıbı və orada ifadə verib. Hal şahidi sellofan paketdə ağ maddə gördüyünü deyib.

Məhkəmədə məlum olub ki, Faiq İsmayılov hal şahidi kimi ifadə verdikdən iki gün sonra həbs edilib. O, narkotik istifadəçisi kimi həbs edilibmiş. Bir neçə ay sonra azadlığa çıxıb.

Sonra Məhəbbət Namazovun həyat yoldaşı Xəyalə ifadə verib. O bildirib ki, evlərinə polis əməkdaşları gəlib və axtarış aparılacağını deyiblər: "Polislər evdə axtarış apardılar. Hər yeri gəzdilər. Axtarış zamanı mən həyətimizdə dayanmışdım. Evdən şəkil, bıçaq və patron tapdıqlarını göstərdilər. Dedilər ki, bunlar evdə olub. Həmin şəkil uşağımın şəkili olub. Patronun ora qoyulmasından xəbərim olmayıb".

Xəyalə Namazova qeyd edib ki, o, axtarış aparanların yanında olmayıb: "Özləri axtarış aparıblar, hər yerə baxıblar. Çaydan həyətimizdəki mətbəxdə olub. Həmin mətbəxi tez-tez təmizləmişəm, çaydandan da istifadə etmişəm".

Şahid qeydn edib ki, Məhəbbət heç siqaret belə çəkməyib.

Növbəti proses oktyabrın 18-də davam edəcək.

İttihama görə, Məhəbbət Namazov 2016-cı il noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildən "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub.

Daha sonra Məhəbbət Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb.

Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.

Qeyd edək ki, Məhəbbət Namazov Nadir Səlifovun(Lotu Quli) kirvəsidir. Hazırda Nadir Səlifov 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.


Müəllif: Hacı Zeynalov