12 Oktyabr 2017 17:28
1 558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə vuraraq öldürməkdə təqsirli bilinən Rəhim Kərimov Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti verib.

Ali Məhkəmədən Teleqraf.com-a verilən məlumata görə, Rəhim Kərimovun vəkilinin kasasiya şikayəti hakim Fərhad Kərimovun icraatına verilib.

Yaxın günlərdə məhkəmənin vaxtı açıqlanacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəhim Kərimov 7 il azadlıqdan məhrum edilib. Həmçinin o, 5 il sürücülük hüququndan məhrum olunub.

Hökmdən prokurorluq apelyasiya protesti verərək Rəhim Kərimovun cəzasının ağırlaşdırılmasını tələb edib.

Həmçinin təqsirləndirilən şəxsin vəkili Orxan Əhmədov apelyasiya şikayətində müvəkkili barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmün ləğv edilməsini, müdafiə etdiyi şəxsin cəzasının yüngülləşdirilməsini istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorun apelyasiya protesti və təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.

Bu qərardan Rəhim Kərimov kasasiya protesti verib.

Hadisə ötən il mayın 11-də, gecə saat 03:00-də Nəsimi rayonunun Bülbül prospektində baş verib. Bakı sakini Rəhim Kərimov idarə etdiyi "Mersedes" markalı avtomobillə piyada Rüfət Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Rüfət Allahverdiyev mayın 12-də dünyasını dəyişib.

Tərtər Hərbi Məhkəməsinin hakimi olmuş Elbəyi Allahverdiyevin oğlu, 19 yaşlı Rüfət Allahverdiyev Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi imiş. Təqsirləndirilən Rəhim Kərimovun atası Yüzasif Kərimov Respublika Klinik Xəstəxananın baş həkimi olub. Elbəyi Allahverdiyev əvvəllər Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim işləyib, sonradan Tərtər Hərbi Məhkəməsinə hakim təyin olunub.

Bu qəzadan sonra Elbəyi Allahverdiyev Bakı Hərbi Məhkəməsinə təyinat alıb. Elbəyi Allahverdiyev hazırda MTN generalı Akif Çovdarovun və dəstəsinin cinayət işi üzrə keçirilən məhkəmədə köməkçi hakimdir.


Müəllif: Hacı Zeynalov