Bakıda bir mənzili bir neçə nəfərə satmaqda təqsirli bilinən Ali Məhkəmənin hakimi Fərhad Kərimovun qardaşı Mahir Kərimovun prokurorluqda verdiyi ifadə məlum olub.
Teleqraf.com xəbər verir ki, Mahir Kərimov təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində bildirib ki, 30 ilə yaxın tikitni sahəsində işləyib, 1987-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Baş Təmir Tikinti İdarəsində işləyərkən orada taxta sexinin rəisi Ələsgər Ömərovla tanış olub: “Elə o vaxtdan dost idik. 2005-ci ildə Ələsgər dedi ki, hündür mərtəbəli bina tikintisi ilə məşğul olmaq üçün “Fateh-N” adlı şirkət açacaq, mənə də direktor olmağı təklif etdi. Dedi ki, başqa bir neçə şirkətin təsisçisi və sədri olduğu üçün burada rəsmi sənədlərdə adı keçə bilməz, ona görə mənim sənəd üzərində imzam olmasını, lakin bütün işləri özünün görəcəyini dedi. Mən də onu çoxdan tanıdığım üçün razılıq verdim. Şirkət təsisçisi Nəsir İsayev, direktor isə mən oldum”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2007-ci ildə Əlsəgərin tapşırığı ilə Nəsir İsayev təsisçilikdən çıxıb, bütün paylarını ona verib: “Beləliklə, mən həm təsisçi, həm də direktor oldum. 2005-ci ildə Neapol küçəsi 26A ünavnın 11 mərtəbəli, 5 bloklu 290 mənzilli binanın tikintisinə başlandı, özül qazılan andan mənzillər satılmasına start verildi.
Satışı birbaşa Əlsəgər özü tənzimləyirdi,müştərilərlə görüşürdü, pulu da mənim iştirakım olmadan alırdı. 2010-cu ilə qədər mənzillər 99 faizi satıldı, həmin il binanın tikintisində problemlər yarandı.
Çünki müştərilərdən alınan pullar bu binaya deyil, onun yanındakı ikinci binanın tikintisinə xərclənirdi. Buna görə də həmin bina üçün tikinti avadanlıqlarının alınmasında, işçilərin maaşlarının verilməsində çətinlik yarandı. Bu da tikintinin dayandırılmasına gətirib çıxartdı”.
Mahir Kərimov qeyd edib ki, 2012-ci ildə Ələsgər Ömərov ürəktutmasında vəfat edib: “Bundan sonra mən binanın tikintisini öz gücümə davam etdirməyə çalışdım. Lakin maliyyə imkamlarım məhdud olduğu üçün başa çatdıra bilmədim”.
Zərərçəkənlər Fikrət Cəfərli, Namiq Qaraşov, Şahin Yusifov və Asif Yusifovla bağlı ifadə verən Mahir Kərimov bildirib ki, Namiq və Şahin binada suvaq işlərini görüblər: “Nağd pul olmadığı üçün işlərin müqabilində onlara binadan qeyri-yaşayış sahəsi verməyə razılaşdıq. Aramızda müqavilə olmasa da, şifahi formada anlaşmışdıq. Asif isə bizim binadan bacısı üçün ev almışdı”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2014-cü ildə Firkət Asiflə birlikdə onun yanıma gəlib və deyiblər ki, Namiqin binadakı obeykti ona məxsusdur, Namiq onlardan 12 min dollar alaraq gizlənib: “Bundan sonra Namiq dedi ki, Şahin Yusifovun adına rəsmiləşdirdiyim həmin obyekti Fikrətə verəcəm. Mən də dedim ki, razılıq ərizəsi və müqaviləni gətirin, sənədləşdirək.
Bir müddət sonra Namiq başqa təkliflə yanıma gəldi. Onun istəyi ilə 2016-cı ilin aprelində gördüyü işlərin müqabilində ona verəcəyiniz 425 kvadrat obyektdən 60-nı Firkətin adına girov kimi keçirtdik. Bu dəfə isə Fikrət həmin yeri istəmədiyini dedi. Namiqlə Fikrət arasında baş verənlərdən sonra xəbər tutdum. Şahin öz adına olan 30 kvadrat metrlik obyekti başqa adama satıbmış. Həmin obyekti Namiq də Firkətə satıb.
Bundan sonra Fikrət şikayətlər yazmağa başladı, Namiqi də tapmaq olmurdu. Mən də 9 min dollar pulu Namiqdən alıb Fikrətə verəcəyim barədə qəbz yazdım, amma Namiqdən pulu ala bilmədim”.
İttihama görə, Mahir Kərimov Fateh-N MMC-nin icraçı direktoru vəzifəsində çalışarkən, bir mənzili bir neçə nəfərə satıb.
O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə itiham olunur. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Mahir Kərimov Ali Məhkəmənin hakimi Fərhad Kərimovun qardaşıdır. Həmin şirkətin təsisçisi Ələsgər Ömərov bir müddət əvvəl dünyasını dəyişdiyi üçün barəsindəki cinayət işinə xitam verilib. O, İTV-nin sabiq rəhbəri İsmayıl Ömərovun qardaşıdır.
Cinayət işində adı keçən şəxslərdən biri – Ramil Şükürovun başqa cinayət işi üzrə istintaqa cəlb olunub. Zərərçəkənlər pulu birbaşa Ramil Şükürova veriblər. Bu barədə onlar cinayət işi üzrə ifadə versələr də, müstəntiq Ramil Şükürovu dindirməyib.
Ramil Şükürov bir müddət əvvəl dələduzluqda və sənədləri saxtalaşdırmaqda təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abbasovun sədrlik etdiyi kollegiyanın hökmü ilə məhkum edilib. Sonradan isə şərti cəza ilə azadlığa buraxılıb.
Mahir Kərimovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrlik etdiyi kollegiyada araşdırılır. Bu qalmaqallı cinayət işi üzrə məhkəmə baxışı noyabrın 15-də başlanacaq.