7 Noyabr 2017 13:25
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda “İraq Hava Yolları” şirkətinin ofisində qətl törədən Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə cinayət işində ekspertiza rəyləri elan olunub.

Daha sonra təqsirləndirilən şəxsin vəkili vəsatət verib. O bildirib ki, müvəkkilinin psixi xəstəliyi olub, 2011-ci ildən xəstəxanada müalicə alır.

Vəkil müvafiq ekspertizanın keçirilməsini tələb edib. Vəsatət təmin olunub, psixi ekspertizanın keçirilməsi barədə qərar qəbul edilib.

Proses qeyri-müəyyən vaxta təxirə salınıb.

İttihama görə, bu il yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən Dəmirçi Plaza MMC-nin binasında icarə əsasında fəaliyyət göstərən “İraq Hava Yolları” şirkətinə məxsus ofisdə qətl hadisəsi baş verib.

Həmin şirkətdə sürücü işləyən Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer Əli Ağalını qətlə yetirib. O, qətli “COBALT” markalı tüfənglə törədib.

Hadisədən əvvəl Elşən Bəşirov idarə etdiyi “Toyoto” markalı avtomobillə hava limanına gedib. Avtomobildə Əli Ağalı da olub. Yolda mübahisə yaranıb. Elşən Bəşirov evə qayıdaraq ov tüfəngini götürərək ofisə gəlib, Əli Ağalını öldürüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər