21 Noyabr 2017 12:47
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 17-də axşam saatlarında Bakı-Aeroport yol qovşağı körpüsünün üstündə bir nəfər yol ötürücüsünün kənarındakı dəmir məhəccərə bəzək üçün quraşdırılan boruları və led işıqları sökərək oğurlamağa cəhd göstərib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, orada xidmət aparan Sabunçu rayon Mühafizə İdarəsinin əməkdaşları həmin şəxsi saxlayaraq ərazi üzrə 12-ci polis bölməsinə təhvil veriblər.

Araşdırma zamanı saxlanılan şəxsin Zaqatala rayon sakini əvvəllər dəfələrlə məhkum olunan Vüqar Mustafayev olduğu müəyyən edilib.

Sabunçu rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən daha bir analoji oğurluq hadisəsinin qarşısı vaxtında alınıb. Zabrat körpüsündə xidmət aparan mühafizə polisinin əməkdaşları körpünün üstündə “VAZ-21011” markalı avtomobilə yaxınlaşaraq nəqliyyat vasitəsinin dayanma səbəbini aydınlaşdırmağa çalışıblar.

Sürücü avtomobilə minib qaçmağa cəhd göstərəndə polislər onu maşınla birlikdə saxlayıblar. Nəqliyyat vasitəsinə baxış zamanı Zabrat körpüsündən oğurlanan dəmir məhəccərlər və əlvan metal əşyalar aşkarlanaraq götürülüb.

Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinə təhvil verilən saxlanılan şəxsin Bakı şəhər sakini Şakir Əliyev olduğu müəyyənləşib.

Hər iki faktla bağlı araşdırmalar davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər