27 Noyabr 2017 14:33
1 430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Azərbaycan Hava Yolları QSC-nin (AZAL) işçisi Seymur Qarayevin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Teleqraf.com xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hadisədən 1 il 4 ay 18 gün sonra dünyasını dəyişmiş Qarabağ müharibəsi veteranı Əli Əliyevin oğlu, zərərçəkmişin hüquqi varisi İmdad Əlizadə vəsatət qaldırıb.

O, vəsatətində xatırladıb ki, hadisə 1 il 9 ay 13 gün əvvəl baş verib, bu müddət ərzində təqsirləndirilən Seymur Qarayev azadlıqda olub: "Cinayət işinin materiallarından da göründüyü kimi, onun törətdiyi hadisə insan ölümü ilə nəticələnib. Bundan başqa, hadisə zamanı bir nəfər də ağır xəsarət alıb".

İmdad Əlizadə təqsirləndirilən Seymur Qarayevin barəsində seçilmiş polis nəzarəti qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini, onun məhkəmə zalında həbs olunmasını istəyib.

Hakim bildirib ki, vəsatət növbəti iclasda yazılı şəkildə təqdim edilməlidir.

Məhkəmədə zərərçəkmişin hüquqi varisi İmdad Əlizadənin istintaq dövründə təqsirləndirilən şəxsə qarşı 166 min manat məbləğində mülki iddia qaldırdığı açıqlanıb. Məlum olub ki, mərhum Əli Əliyevin müalicəsinə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) 4700, Mərkəzi Klinik Xəstəxanada 67881, “Avrasiya” Hospitalda 59050 (mərhumun ailəsinin bu xəstəxanaya əlavə olaraq 11270 manat borcu qalıb), Bakı Sağlamlıq Mərkəzində 5900 manat xərclənib. Bunları təsdiqləyən rəsmi qəbzlər cinayət işinə əlavə edilib. Eyni zamanda, dəfn və yas mərasimlərinə 14000 manat civarında pul sərf olunub.

Bundan başqa, zərərçəkmişin ailəsi mənəvi zərərə görə təqsirləndirilən şəxsdən 15000 manat kompensasiya tələb edir.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, Seymur Qarayev 2016-cı ilin fevral ayının 14-də saat 06:50 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "GAC MİNİK markalı avtomobil ilə Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə "Koroğlu" metrostansiyası istiqamətində hərəkətdə olarkən yolun Z.Bünyadov prospekti 70A saylı ünvanın qarşısına düşən hissəsində yol hərəkəti qaydasını pozub.

Nəticədə piyadalar Əli Əliyev və Əliəskər Talıbovu vurub.

Baş verən qəza nəticəsində Əliəskər Talıbov tibbi yardım alıb, Əli Əliyevə isə uzun müddət tibbi yardım göstərilməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Elan olunmuş ittiham üzrə Seymur Qarayev özünü təqsirli bilib, amma mülki iddianı qəbul etmədiyini deyib. O, sərbəst ifadəsində hadisə barədə danışıb.

Daha sonra təqsirləndirilən şəxs hakimin, prokurorun, vəkilin, zərərçəkmiş və zərərçəkmişin hüquqi varisinin suallarını cavablandırıb.

Prosesdə zərərçəkmiş Əliəskər Talıbov dindirilib. O da hadisə barədə danışıb və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu söyləyib: "Hadisədən sonra Seymur Qarayev mənə heç bir köməklik göstərmədi. Qəzadan sonra aldığım xəsarətlərə görə işləmirəm. Hazırda sosial vəziyyətim çox acınacaqlı durumdadır. O, mənə yalnız xəstəxanada olan zaman az bir yardım göstərdi. Hətta Seymur Qarayev xəstəxanada mənim MRT müayinə cavablarını özü ilə apardı, bu günə qədər də qaytarmayıb. Mənə dedi ki, get rayona, sənə orada yardım göstərəcəm. Lakin dediyinə əməl etmədi. Ona zəng edəndə dəfələrlə söz verdi ki, gəlib sənə baş çəkəcəm. Amma bir dəfə də gəlmədi, dediklərinin hamısı yalan çıxdı".

Zərərçəkmiş Əliəskər Talıbov bildirib ki, təqsirləndirilən Seymur Qarayev istintaqda və məhkəmədə yalan ifadələr verib: "O, bizi gördüyü halda maşının əyləcini basmadı, maşını nə sağ, nə də sol tərəf istiqamətinə çəkdi. Yalnız bizi vurduqdan sonra maşını saxladı. İndi yalandan deyir ki, guya biz qəfildən avtomobilin qarşısına çıxmışıq. Bunlar hamısı yalandı".

Məhkəmə digər zərərçəkmişin hüquqi varisi İmdad Əlizadəyə söz verib. Lakin o, ifadə verməyə hazır olmadığını, növbəti iclasda danışmaq istədiyini qeyd edib.

Növbəti proses dekabrın 8-də davam edəcək.

Seymur Qarayev Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma), bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Qeyd edək ki, 2016-cı ilin fevral ayının 14-də baş vermiş qəzadan sonra Əli Əliyev 7 ay Mərkəzi Klinikada, 8 ay 17 gün isə "Avrasiya Hospital"da müalicə alıb. Daha sonra o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. 504 gün komada qalan Əli Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.

Xatırladaq ki, Əli Əliyev erməni işğalı nəticəsində ata-baba yurdundan didərgin düşmüş ziyalılardandır. 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib.

Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Əli Əliyev və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən "54 gün mühasirədə” adlı sənədli film çəkilib. O, həmçinin "54 gün erməni mühasirəsində” kitabının müəllifidir.

Əli Əliyev altı övlad böyüdüb. Tanınmış jurnalist İmdad Əlizadənin atasıdır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər