Qubada 52 yaşlı qadını zorlamağa cəhddə təqsirli bilinən 33 yaşlı Bəhruz Paşayevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Bəhruz Paşayev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bəhruz Paşayev Cinayət Məcəlləsinin 29.149-cu (zorlamaya cəhd) və 157.1-ci (mənzildə yaşayanın iradəsinə zidd olaraq mənzilə daxil olma) maddələri ilə ittiham olunub.
İttihama görə, hadisə Qubanın Mirzəqışlaq kəndində baş verib. 33 yaşlı kənd sakini Bəhruz Paşayevlə qonşusu, 52 yaşlı Samirə Məmmədova arasında şəxsi zəmində münaqişə yaşanıb. Sonradan Samirə Məmmədovanın oğlanları da mübahisəyə qoşulublar.
Bəhruz Paşayev həmin vaxt sərxoş olub. O, Samirə Məmmədovaya təcavüz etmək istəyib.
Bu zaman münaqişə yaranıb və Samirə Bəhruzun üzərinə qaynar su töküb. O, Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ona cərrahiyyə şöbəsinə müvafiq yardımlar göstərilərkən gecə saatlarında özünü zərərçəkən Bəhruz Paşayevin yaxını kimi təqdim edərək xəstəxanaya daxil olan Vidadi Məmmədov ona sarğı otağında 6 bıçaq zərbəsi vuraraq ağır bədən xəsarətləri yetirib.
Yaralı üzərində 6 saat cərrahiyyə əməliyyatı aparıldıqdan sonra onu həyatda saxlamaq mümkün olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qadının oğlu Vidadi Məmmədov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.