28 Noyabr 2017 16:35
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda yaşayan rus əsilli iki kişini məcburi əməklə istismar etməkdə təqsirli bilinən Tofiq Rzayev və onun qardaşı oğlu Vüqar Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin, daha sonra zərərçəkənlərin anket məlumatları dəqiqləşdirilib

Məlum olub ki, zərərçəkmişlərdən biri Aleksandr Kolesnikov psixi xəstədir və məhkəmədə iştirak edə bilmir. Onun hüquqlarını məhkəmədə Nərimanov rayon icra hakimiyyətinin nümayəndəsi Elçin Quliyev müdafiə edir.

Digər zərərçəkmiş İqor Kolesnikovun da məhkəmədə iştirak etmədiyi məlum olub. O, hazırda İnsan alveri qurbanları ilə bağlı olan düşərgədə yaşayır.

Daha sonra zərərçəkmişin nümayəndəsi məhkəmənin qapalı keçirilməsi ilə bağlı vəsatət verib. Nümayəndə bildirib ki, insan alveri və istismarı ilə bağlı işlərin qapalı keçirilməsi daha məqsədəuyğundur.

Hakim vəsatəti əsassız hesab edib. Məhkəmə baxışı dekabrın 5-ə təyin olunub.

İttihama görə, Bakı şəhər sakini, 1947-ci il təvəllüdlü Tofiq Rzayevlə qardaşı oğlu Vüqar Rzayev Xəzər rayonunda yerləşən heyvandarlıq sahəsində zərərçəkimşləri - Aleksandr Kolesnikov və İqor Kolesnikovun qul kimi işlədiblər.

Bununla bağlı İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə məlumat daxil olub. İdarə əməkdaşları 2016-cı il aprelin 28-də keçirdikləri əməliyyat nəticəsində təqsirləndirilən şəxslər həbs edilib.

Məlum olub ki, əmi və qardaşoğlu hər iki zərərçəkmişə hədə-qorxu gələrək, 2000-ci ildən fermada qul kimi işlədiblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 144-2-ci (insan alveri və istismarı, məcburi əmək) maddəsi ilə ittiham edilirlər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər