Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən Rövşən Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib.
Daha sonra dövlət ittihamçısı çıxış edərək Rövşən Hüseynovun 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti proses dekabrın 1-də davam edəcək.
İttihama görə, Bakıda “Koroğlu” metrostansiyasının yaxınlığında taksi sürücülüyü ilə məşğul olan Rövşən Hüseynov digər taksi sürücüsü Tahir Daşdəmirovla mübahisə edib. O, Tahir Daşdəmirovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Məlum olub ki, hadisəyə səbəb Rövşən Hüseynovun müştəriləri Mərdakana 1 manata aparması olub. Onun axşam evə gedəndə Mərdakəna ucuz qiymətə müştəri aparması Tahir Daşdəmirova xoş gəlməyib.
Tahir Daşdəmirov hər gün Mərdəkana işlədiyini və 1 manata müştəri aparmağın düzgün olmadığını deyib, Rövşən Hüseynovun maşınında olan müştəriləri düşürtmək istəyib.
Mübahisə düşüb, Rövşən Hüseynov maşınında olan bıçaqla Tahir Daşdəmirovu bıçaqlayıb.
Rövşən Hüseynovun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsədən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.